Azərbaycandakı bütün tarixi abidələrin pasportları hazırlanacaq. Buraya həm yerli, ölkə, həm də dünya əhəmiyyətli abidələr daxildir. Bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib. Onun sözlərinə görə, artıq ölkədəki tarixi abidələrin pasportlaşdırılmasına başlanılıb. Bu il ərzində 64 vahid milli tarixi abidənin pasportu hazırlanacaq. Bunun üçün xüsusi qrup yaradılıb və müəyyən avadanlıqlar alınıb. Gələn il isə bundan daha çox abidənin pasportunun hazırlanması planlaşdırılır: “Çalışacağıq ki, hər bir tarixi abidənin pasportu olsun. Həmin pasportların yığcam şəkli internetdə - UNESCO-nun portalında, Avropa Şurasının xüsusi saytlarında yerləşdiriləcək ki, istənilən adam bu abidələr haqqında məlumat ala bilsin».
   Vaqif Əliyev bildirib ki, abidələrin pasportlarında onlarla bağlı olan bütün məlumatlar - tarixi arayış, koordinatları, eskizləri əks olunacaq: “Hazırda bunların hamısının elektron versiyası hazırlanır. Bundan sonra dünyanın istənilən nöqtəsində istənilən adam bu abidə haqqında məlumatları elektron yolla əldə edə biləcək».

   Fəxriyyə