Xəbər verdiyimiz kimi, 2-4 dekabr tarixlərində Bakıda Qazaxıstan Mədəniyyəti Günləri keçirildi.
Dekabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Qazaxıstan Mədəniyyəti Günlərinin açılış mərasimi oldu və dost ölkənin “HasSak” etno-folklor ansamblının konserti təqdim edildi.
Açılış mərasimində diplomatik korpusun təmsilçiləri, Qazaxıstandan incəsənət ustaları, Mədəniyyət Nazirliyinin əməkdaşları və digər qonaqlar iştirak edirdilər.
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel iki ölkə arasındakı ortaq mədəniyyətlərdən danışdı. Bildirdi ki, türksoylu xalqlar olaraq Azərbaycan və Qazaxıstanı ortaq mədəniyyətlər birləşdirir: “Mədəniyyət günləri çərçivəsində tamaşa nümayişi, rəsm sərgisi və incəsənət ustalarının iştirakı ilə qala-konsert təqdim olunacaq. Bu gün səhnəyə çıxacaq etno-folklor ansambl qazax milli mədəniyyətinin özəlliklərini sizlərə təqdim edəcək”.
Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov qeyd etdi ki, iki ölkə arasında əlaqələr, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də inkişaf edib. Bu sahədə münasibətlərin daha da dərinləşdirilməsi vacibdir.
Çıxışlardan sonra “HasSak” etno-folklor ansamblının konserti təqdim edildi. Beş üzvdən ibarət ansambl qazax milli musiqi alətlərində yüksək performans nümayiş etdirdi. 30 milli alətdə məharətlə ifa edən ansambl eyni zamanda milli kukla teatrı ənənələri əsasında kompozisiyalarla tamaşaçıların alqışını qazandı.
Qeyd edək ki, 2013-cü ildə yaradılan ansambl ötən illər ərzində xalq musiqisi sahəsində bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Ansambl “Etnik musiqi” nominasiyası üzrə “World folk vision” beynəlxalq müsabiqəsinin Qran-pri, “Central Asia Got Talent” beynəlxalq istedad müsabiqəsinin “Qızıl düymə” mükafatlarının sahibidir.
“Dörd ildən sonra Bakıda tamaşaçılarla görüşümüzdən çox şadıq”
Konsertdən öncə “HasSak” ansamblının rəhbəri Yerjhan Jamenkeyevdən təəssüratlarını bölüşməsini istədik. O, Bakıda olduqlarına görə məmnunluğunu dilə gətirdi.
– Azərbaycan sevərək səfər etdiyimiz ölkələrdən biridir. İlk növbədə dərin tarixi köklər, zəngin mədəniyyət və qonaqpərvərliyinə görə. Onu da deyim ki, ilk dəfə 2015-ci ildə burada olmuşam. Sonra Azərbaycan Milli Konservatoriyasında magistr və doktorantura təhsili almışam. Qrupumuzla isə 2019-cu ildə gəlmişik. Dörd ildən sonra yenidən Bakıda tamaşaçılarla görüşümüzdən çox şadıq.
– 5 nəfərlik qrupda 30 alətdə ifa etmək çətin deyil?
– Əsla. Biz 5 nəfər olmaqla hərə bir neçə alətdə ifa etməyi, hətta solo oxumağı da bacarırıq. İnanıram ki, Bakı tamaşaçılarına maraqlı bir musiqi ərməğanı edəcəyik.
– Səhnə üçün nəzərdə tutduğunuz bu kiçik heyvan fiqurları nəyi ifadə edir?
– İstinad etdiyimiz qazax nağılında olduğu kimi, hekayənin əsas qəhrəmanı dağkeçisidir. Onun ətrafında da maral, ayı, at və digər heyvanlar var. Ata oğlunu Altaya səyahətə dəvət edir və hekayə boyunca bu heyvanların da öz rolu var. Kompozisiya uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərə də maraqlı gəlir. Musiqi alətləri ilə Altay üçün simvolik olan bu heyvanların səslərini də çatdırırıq.
– Repertuarınızda Azərbaycan musiqisi yer alırmı?
– Bu gün təqdim olunacaq “Qədim İpək Yolu” adlı kompozisiyamızda bu yol üzərində olan ölkələrin, eləcə də Azərbaycanın ritmlərini səsləndirəcəyik. Bu əsər ümumtürk motivlərini əhatə edir.
– Ansamblınızın 10 yaşı var. Bu illər kollektiv üçün necə keçib?
– Sizə bir sirr açım. Bizim birgə fəaliyyətlə bağlı müqaviləmiz belə yoxdur. Buna baxmayaraq 10 ildir ki, sevə-sevə birlikdə milli musiqimizi təbliğ edirik. Çünki mədəniyyətimizi çox sevirik. Bundan gözəl nə ola bilər ki...
Lalə