Tezliklə dünyada məşhur olan 1000 kitab özbək dilinə çevriləcək və oxucular bu kitabları xüsusi mobil əlavə vasitəsilə pulsuz əldə edə biləcəklər.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev noyabrın 28-də “Gənclik üçün min kitab” layihəsinin həyata keçirilməsinə dair sərəncam imzalayıb. Layihənin yerinə yetirilməsi gənclərlə iş üzrə müvafiq dövlət qurumuna həvalə edilib.
Kitabların tərcüməsi və nəşri iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə ekspert şurası kitabların ilkin siyahısını formalaşdıracaq. Sonra siyahı qurumun saytında yerləşdiriləcək ki, əhali bəyəndiyi kitabı səsvermə yolu ilə seçsin və bu üsulla da yekun siyahı hazır olsun.
Layihə çərçivəsində hər il nəşr olunacaq kitabların siyahısında elmi-kütləvi əsərlərin payı ən azı 20 faiz olacaq. Qarşıdakı iki ildə 50 kitabın tərcüməsi, çapa hazırlanması və nəşri nəzərdə tutulur.
Bundan başqa, özbək dilində ədəbiyyatın toplandığı və əhalinin ödənişsiz istifadə edə biləcəyi məxsusi mobil əlavə yaradılacaq.
Gülcahan