Qazaxıstan teatrının Bakıda tamaşası

 

Son aylar sənətsevərlərimiz Türk dünyasının mədəniyyəti və incəsənəti ilə tanışlıq baxımından özlərini şanslı saya bilərlər. Əvvəlcə, Bakıda keçirilən “Qorqud Ata” film festivalı, ardınca TÜRKSOY teatr festivalı, bu günlərdə isə Qazaxıstan Mədəniyyəti Günləri bizə çağdaş qazax teatr və kinosu ilə də tanışlıq imkanı verdi, təsəvvürümüzü genişləndirdi.

Dünyanın ən nüfuzlu festivallarında mükafatlar qazanan qazax filmləri kimi, teatr tamaşalarına da baxmağa dəyər. Q.Mursepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrının ötən həftəsonu (3 dekabr) Bakıda nümayiş etdirdiyi “Qaragöz” tamaşası da bu qənaətimizə əsas verir.

Qazax ədəbiyyatının klassiki Muxtar Auezovun 1926-cı ildə qələmə aldığı “Qaragöz” pyesi bir əsrdir Qazaxıstan teatrlarının repertuarından düşmür. Qardaş ölkəyə aid internet resurslarını bir qədər incələmək kifayətdir ki, gözəl Qaragözlə gənc el şairi Sırımın nakam məhəbbət əhvalatına yerli teatrların nə qədər maraq göstərdiyini görəsən.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində göstərilən tamaşanın yeni səhnə variantının müəllifi və quruluşçu rejissoru Fərhad Moldağalidir. Eyni zamanda teatrın bədii rəhbəri olan 30 yaşlı rejissor, əgər belə demək mümkünsə, heç nədən tamaşa qurub. Yəni səhnədə dekorasiya adına heç bir ləvazimat yoxdur. Sadəcə, səhnənin arxa divarı boyunca iki paralel metal ştanq uzanır ki, bunun da nəyə gərək olduğunu tamaşanın sonuna yaxın biləcəyik. Tamaşanın musiqi və xoreoqrafik həlli də maraqlıdır. Oljas Jakırbekin yazdığı musiqi həm fonoqram olaraq səslənir, həm də adını çəkdiyimiz ştanqların arxasında əyləşmiş zəif işığın altında yalnız silueti görünən iki musiqiçinin canlı ifasını eşidirik.

Tamaşa saund dram janrında qurulub. Saund dram, yəni dram və musiqinin birləşməsində bədii sarsıntı yaradan ifadə vasitələrinin kompleksi tək qavranılan səhnə janrıdır. Bu janrda qurulan tamaşa rejissor, bəstəkar, xoreoqraf, səs rejissoru və nəhayət, bütün ifası həm də vücud plastikası üzərində qurulan aktyorların bir komanda şəklində ərsəyə gətirdiyi əsərdir. Bu üzdən xoreoqraf Şirin Mustafinanın da əməyi böyükdür. Bütün aktyorlar balet artisti qədər olmasa da, ən yaxşı pantomim teatrı aktyoru qədər plastika nümayiş etdirdilər. Xüsusilə Qaragöz və Akbala rollarının ifaçıları Mədinə Öserbayeva və Anara Adilovanın ifasını qeyd etmək gərəkdir.

Bəs nədir Qaragözün faciəsi? Niyə sevgilisi Sırıma qovuşa bilmir? Üzdə görünən səbəb budur ki, gənclər qohumdurlar və buna görə də evlənə bilməzlər. Ailədə hər şeyi həll edən və son qərarı verən Qaragözün nənəsi Morjan (Saule Turdaxunova) nəvəsini qonşu qəbilənin hörmətli və zəngin igidi Narşaya (Nurjan Asılxan) ərə verməkdə israrlıdır.

Qaragözün toyunda hər kəs sevinir, bircə gəlindən başqa. Əslində gəlinin bu halı adaxlının xoşuna gəlməsə də, o, fikrindən dönmür. Sırım sevdiyi qızın toyuna gəlir, hətta poetik deyişmə zamanı öz məhəbbətini qorumağa cəhd göstərir. Morjan onu qovmaq istəyəndə Sırım bu izdivacın əsl səbəbini üzə çırpır: daha da varlanmaq üçün gözəl qızların göz yaşına baxmadan onları başqa qəbilələrə gəlin göndərib əvəzində çoxlu mal-qara almaq!

Həyat yoldaşının məhəbbətinə cavab verməyən, ondan qaçan Qaragöz Sırımla görüşür. Onların eşqlə dolu görüşü yazının əvvəlində adını çəkdiyimiz metal ştanqların arasında, sallanaraq keçir. Ola bilsin ki, rejissor baş qəhrəmanları əsl akrobat kimi sınağa çəkməklə bu sevginin çox təhlükəli olduğunu demək, hər an ölümlə nəticələnəcəyinə işarə etmək istəyir. Bu sevgiyə əvvəldən qarşı çıxan gənclərin valideynləri onları lənətləyir. Eşq iztirabından havalanan Qaragöz ayrılığa, qınaqlara dözməyib ölür. Sırım isə öz şeirlərində, qoşmalarında köhnəlik və cəhalətlə mübarizə aparan el şairi kimi məşhurlaşır və ömrünün sonunadək tək yaşayır.

“Qaragöz” tamaşasını seyr etdikcə bəzi səhnələrdə “Leyli və Məcnun” faciəsinə oxşarlıqları da sezmək olar, hərçənd Muxtar Auezovun “Qaragöz” faciəsindən bəhs edən Qazaxıstan müəlliflərinin çoxu bu qəhrəmanın taleyini “Romeo və Cülyetta” ilə müqayisə edirlər. Çünki Qaragöz ilə Sırım kimi, Romeo və Cülyetta da, Leyli ilə Qeys də təkcə öz sevgilərinə qovuşmaq üçün yox, həm də onları sıxan adət-ənənələrdən, cəhalətdən qurtulmağa can atırdılar. Belə baxanda istər Qaragöz olsun, istər Leyli, ya da Cülyetta – sonuc birdir: sevgilisinə qovuşmayan qızların taleyi üzünə gülməz.

Gülcahan Mirməmməd