Qiymətlərin 10-20% ucuzlaşması müşahidə olunur

   Mayın 13-dən bölgələrdəki turizm obyektlərində yay turizm mövsümü ilə bağlı monitorinqlər başlanıb. Mədəniyyət və Turizm, İqtisadi İnkişaf və Səhiyyə nazirliklərinin əməkdaşları tərəfindən həyata keçirilən monitorinqin məqsədi mehmanxana və mehmanxana tipli obyektlərdə mövsümə hazırlıq səviyyəsi və turist xidmətləri qiymətlərinin yoxlanılmasıdır.
   Nazirliyin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun məsləhətçisi Cəmil Kəlbəliyevin sözlərinə görə, monitorinqlərin ümumilikdə 38 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur: «Tərtər, Bərdə, Ağdaş, Göyçay, Zərdab, Kürdəmir, İmişli və Şirvan istiqamətində monitorinqlər artıq yekunlaşıb, Xaçmaz, Quba, Qusar, Şabran, Xızı və Sumqayıtda isə davam edir. Qalan bölgələr üzrə yoxlamalar da mərhələli şəkildə həyata keçiriləcək. Monitorinqlərin iyunun 30-dək yekunlaşdırılması nəzərdə tutulur».
   Monitorinqlərin başa çatdığı bölgələrdə əldə edilən nəticələr isə bütün turizm zonalarının yay mövsümünə hazır olmadığını göstərib. Cəmil Kəlbəliyev bildirdi ki, turizm obyektlərinə öz nöqsanlarını aradan qaldırmaq üçün imkan verilir: «İstəyirik ki, turistlərin istirahəti mənalı keçsin, ekskursiyalar təşkil olunsun, onların istirahəti hoteldə qalmaqla məhdudlaşmasın. Bu meyarlara cavab verməyən turizm obyektləri də var. Onlara iyunun 15-dək vaxt verilib ki, aşkarlanan çatışmazlıqlar aradan qaldırılsın».
   Qiymətlərlə bağlı nəticəyə gəldikdə isə, məlum olub ki, keçən illə müqayisədə bu il turizm sahəsində qiymətlər 10-20% ucuzlaşıb.
   
   Fəxriyyə Abdullayeva