Mədəniyyət naziri Adil Kərimli dekabrın 4-də ölkəmizdə səfərdə olan Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb.
Nazir Aida Balayevanın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 2-dən 4-dək Bakıda keçirilən Qazaxıstan Mədəniyyəti Günləri ilə bağlı ölkəmizə səfərə gəlib.
Görüşdə nazir Adil Kərimli ölkələrimizin əməkdaşlıq əlaqələrindən bəhs edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında dostluq və qardaşlıq münasibətləri, dövlət başçılarımız tərəfindən əsası qoyulmuş strateji tərəfdaşlıq, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsinə də müsbət təsirini göstərir. Adil Kərimli mədəniyyət və incəsənətin müxtəlif sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb.
Nazir Aida Balayeva da iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirərək qeyd edib ki, ölkələrimiz arasındakı dostluq münasibətləri mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə də münbit zəmin yaradıb: “Bu mənada Azərbaycanla Qazaxıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişafında tarixən dostluq və qardaşlıq prinsipləri ilə yaşayan xalqlarımızın, xüsusən də dövlət başçılarımızın etibarlı və davamlı dostluğu mühüm rol oynayır. İntensiv ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın mədəni sahədə də dinamik inkişafa təsirini görürük”.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.