4-5 dekabr tarixlərində Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü keçirilib.
Dövlət Turizm Agentliyi və İƏT-in birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 9 üzv ölkədən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran, Pakistan) rəsmilər və turizm təhsili müəssisələrinin təmsilçiləri, həmçinin Dünya Turizm Təşkilatının nümayəndələri iştirak ediblər.
Görüş çərçivəsində keçirilən dəyirmi masada turizm təhsili üzrə tərəfdaşlıq imkanlarının genişləndirilməsi, təlim proqramları və turizm təhsili müəssisələrinin vahid şəbəkəsinin yaradılması müzakirə edilib.
Görüşün yekun bəyannaməsində turizm təhsilinə aid müxtəlif istiqamətlərdə, həmçinin tədqiqat və məlumat mübadiləsi, mədəni irsin təbliği, turizm innovasiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi və ilk dəfə təşkil olunan bu görüşün davamlı keçirilməsi niyyəti diqqətə çatdırılıb.