Zəngilanda əcnəbi ekspertlərin iştirakı ilə panel
Dekabrın 5-də 30 ölkəni təmsil edən 60 xarici ekspertin iştirakı ilə Zəngilanda “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində panel müzakirə keçirilib.
ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən panel müzakirədə dünyanın nüfuzlu beyin mərkəzlərinin və akademik qurumların nümayəndələri iştirak ediblər.
Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov salamlama nitqi ilə çıxış edib.
ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçən paneldə Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov çıxış ediblər.
Prezidentin Şuşa və Laçın rayonlarında xüsusi nümayəndələri Aydın Kərimov və Məsim Məmmədov paneldə çıxışçı qismində iştirak ediblər.
Xarici ekspertlərə Qarabağda aparılan bərpa və quruculuq işləri, işğaldan azad edilmiş ərazilərə qayıdış prosesində Azərbaycan modeli barədə məlumat verilib, suallar cavablandırılıb.
Panelin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyevin moderatorluğu ilə keçən ikinci hissəsində ADA Universitetinin professoru Gülməmməd Məmmədov, Bosniya və Herseqovina Prezidenti kabinetinin üzvü İsmet Kadiç, Efiopiyanın Xarici Məsələlər İnstitutunun əməkdaşı Daraskedar Tayen, Gürcüstanın “Rondeli” Fondunun üzvü Şota Utiaşvili, Britaniyanın Cənubi Uels Universitetinin professoru Ali Varda və ABŞ-nin Ceymstaun Fondunun tədqiqatçısı Marqarita Asenova çıxış ediblər.
Çıxışlarda repatriasiya ilə bağlı dünya təcrübəsindən, işğaldan azad edilmiş ərazilərdəki icma quruculuğu və inteqrasiya prosesindən danışılıb.
Tədbirdən sonra Zəngilanın Ağalı kəndinə gələn iştirakçılara burada “Ağıllı kənd” pilot layihəsinin icrası barədə məlumat verilib.