Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası ərəfəsində Parisdə qurumun mədəniyyət, elm, təhsil və media komitəsinin iclası keçirilib.
Komitə iclasında mədəni irs, təhsil, ifadə azadlığı, mətbuat və jurnalistikanın aktual problemlərinə dair məruzələr müzakirə olunub.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sədrliyi ilə keçirilən komitə iclasında ukraynalı deputat Yevgeniya Kravçukun hazırladığı “Müharibə və sülh dövründə mədəni özünəməxsusluğun aradan qaldırılması”na dair məruzə müzakirə olunub.
Müzakirələr zamanı R.Hüseynov erməni deputatın Qarabağdakı erməni mədəni irsinə guya Azərbaycanın arzuolunmaz münasibət bəsləməsinə dair çıxışına münasibət bildirib. Ermənistanın işğalçı qüvvələrinin 30 ilə yaxın müddətdə Azərbaycanın zəbt olunmuş ərazilərində milli mədəni irsimizə vurduğu ziyanları faktlarla diqqətə çatdıran R.Hüseynov qeyd edib ki, hər bir xalq özünəməxsus mədəni irs yaratsa da, bu irs bəşəriyyətə məxsusdur. Ona görə də, onların qorunması, xüsusilə də hərbi münaqişələr zamanı qorunması hamının borcudur.
O deyib: “Azərbaycanda, 2020-ci ilin noyabrında 28 illik işğaldan sonra azad edilmiş Ağdam rayonunun Boyəhmədli kəndində əlləri göyə açılmış iri daş heykəl var idi. Bu heykəlin 2200 yaşı vardı və alimlər həmin bölgədəki bu və digər qədim daş heykəllər barədə tədqiqat aparıb və yazıblar. O heykəllərin fotoları 1980-ci illərdə buraxılan albomlarda nəşr edilib. 2200 yaşı olan bu abidə yalnız Azərbaycanın sərvəti deyil, bəşəriyyətin sərvəti idi. Yaşı min illərlə ölçülən mədəni irs nümunəsini dünyanın hansı guşəsində yerləşməsindən asılı olmayaraq, hamının sərvəti hesab etmək olar. Hamımıza məxsus həmin abidə artıq yoxdur. Müharibənin qurbanına çevrilib. Bütövlükdə isə 30 ilə yaxın davam edən işğal zamanı Azərbaycanın ölkə və dünya əhəmiyyətli 100 mindən artıq mədəniyyət nümunəsi yararsız hala salınıb və qəsb edilib, 500-dək tarixi və 100-dən çox arxeoloji abidə, 22 muzey dağıdılıb”.
Deputat bildirib ki, Ermənistan tərəfinin guya onların mədəni irsinə Azərbaycan tərəfindən hər hansı zərər vurulmasına dair iddiaları ən azı kinayəli gülüşlə qarşılana bilər.
Rafael Hüseynov Azərbaycan mədəni irsinə qarşı erməni vandalizminə bilavasitə şahid olmasından da söz açıb: “İşğalçı həmin əraziləri xarabazara, əsl cəhənnəmə çevirib. Nəinki mədəni irsin hər hansı nümunəsi, hətta ən adi tikililər belə bünövrəsinədək məhv edilib. Bunları edən tərəfin heç bir əsas olmadan qarşı tərəfi ittiham etməyə, ümumilikdə, mədəni irsdən bəhs etməyə mənəvi haqqı varmı?! Əlbəttə yoxdur, ən yaxşısı susmaq və özünü biabır etməməkdir”.