Moskva şəhərində Avrasiya Patent Təşkilatının (APT) İnzibati Şurasının 43-cü (30-cu növbəti) iclası keçirilir.

Hibrid formatda təşkil olunan tədbirə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Türkmənistanın əqli mülkiyyət qurumlarının rəsmi şəxsləri, həmçinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndələri qatılıb.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda onlayn formatda iştirak edir.

Agentlikdən bildirilib ki, tədbirdə Avrasiya Patent Təşkilatının 2023-cü il büdcəsində dəyişikliklər və 2024-cü il büdcəsi təsdiq olunub.

İclasın gündəliyinə APT-nin rüsumların ödənilməsi ilə bağlı bəzi aktlarına, APT-nin Patent Təlimatına, Avrasiya Patent Konvensiyasının (APK) İnzibati Təlimatına və APT İnzibati Şurasının reqlamentinə dəyişikliklər və əlavələrin edilməsi, Avrasiya Əczaçılıq Reyestri haqqında Əsasnamənin təsdiq edilməsi, Qazaxıstanda APT-nin filialının açılması, APT-nin vitse-prezidentinin seçilməsi və digər məsələlər salınıb.

Tədbirdə, həmçinin APT ilə APK iştirakçısı olan dövlətlərin milli patent idarələri arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında məruzə dinlənilib və 2024-cü ildən başlayaraq bir neçə sahələr (sənaye mülkiyyəti reyestrlərindən məlumat mübadiləsi, Avrasiya iddia sənədlərinin milli patent idarələri tərəfindən elektron şəkildə təqdim edilməsi, patent məlumatlarının mübadiləsinin həyata keçirilməsi, əqli mülkiyyət sahəsində süni intellekt texnologiyalarının istifadəsi, məlumat sistemlərinin komponentlərinin birgə istifadəsi) üzrə layihələrin prioritet qaydada birgə həyata keçirilməsi tövsiyə edilib.