Bakıda üçüncü regional seminar keçirilir
 
  
   İyunun 10-da Bakıdakı "Central Park" mehmanxanasında BMT-nin Dünya Turizm Təşkilatının (DTT) dəstəyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə «MDB ölkələri və Gürcüstan üçün turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı» çərçivəsində üçüncü (sonuncu) statistika seminarı işə başladı.
   
   DTT-nin Avropa üzrə direktoru xanım İzabel Qaranya, yeddi ölkənin aidiyyəti qurumlarının nümayəndələri və ekspertlərin iştirak etdiyi tədbir qurumla nazirlik arasında 2011-ci il martın 23-də imzalanmış sazişə əsasən reallaşdırılır. Sənəd çərçivəsində 2011 və 2012-ci illərdə iki seminar keçirilib.
   Tədbirin açılışında DTT-nin baş katibi Taleb Rifainin seminar iştirakçılarına video müraciəti nümayiş etdirildi. Müraciətdə qurumun Azərbaycanla səmərəli əməkdaşlığı qeyd olunur, seminarın ölkələrin milli turizm statistikasının öyrənilməsi baxımından əhəmiyyəti vurğulanırdı.
   Seminarda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iştirakçıları salamlayaraq Azərbaycanda turizmin inkişafına göstərdikləri marağa görə onlara minnətdarlığını bildirdi. Dolğun və dəqiq statistikanın, digər sahələr kimi, turizm üçün də vacibliyini vurğulayan nazir müavini qeyd etdi ki, planlaşdırma, konsepsiya və inkişaf proqramlarının hazırlanması və tətbiqi, digər işlərin səmərəli təşkili statistik məlumatların toplanması, təhlili və istifadəsindən asılıdır: “Digər sahələrin göstəricilərini əsas tutaraq turizm sahəsində fəaliyyəti planlaşdırmaq üçün statistika mühüm əhəmiyyət kəsb edir. Məsələn, infrastrukturun inkişafı, yol inşaatı və təmiri, nəqliyyat və s. iqtisadi göstəricilər bilavasitə turizmin inkişafına təsir göstərir. Digər sahələrdə olduğu kimi, statistika elminin inkişafı ən son və ən qabaqcıl təcrübə üzərində qurulmalıdır. Bu səbəbdən, DTT-dəki həmkarlarımızdan xahiş etdik ki, bu qabaqcıl təcrübəni bizimlə bölüşmək üçün belə bir seminarın təşkilinə kömək etsinlər”.
   Nazir müavini bildirdi ki, statistika seminarına maraq artmaqdadır. 2011-ci ilin seminarında iştirakçıların sayı 19, 2012-ci ildə 22, builki seminarda isə 23 nəfərdir. Seminarda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Moldova, Rusiya, Özbəkistan və Belarus təmsil olunur: “Bu, son deyil və bizim əməkdaşlığımız davam edəcək. Düşünürük ki, digər layihələr üzrə əməkdaşlıq genişləndirilməli, seminarlara yeni ölkələr cəlb olunmalıdır. Azərbaycan və Dünya Turizm Təşkilatı bir neçə layihə çərçivəsində birgə çalışır. Bu sırada «İpək Yolu» beynəlxalq turizm marşrutu, «Turizm haqqında» yeni qanun layihəsinin hazırlanmasını xüsusi qeyd etməliyik. Təşkilatın baş katibi Taleb Rifainin ötən ilin sentyabrında Azərbaycana səfəri zamanı yeni əməkdaşlıq istiqamətləri və mövzuları müzakirə olundu. Biz ikitərəfli münasibətlər çərçivəsində burada iştirak edən hər bir ölkə ilə də əməkdaşlığa hazırıq».
   Turizm sahəsində postsovet ölkələri ilə əlaqələrin genişləndirilməsinin Azərbaycan üçün prioritet istiqamət olduğunu deyən Nazim Səmədov qeyd etdi ki, digər ölkələrdən fərqli olaraq, bu ölkələr arasında viza, hava nəqliyyatı və dil problemi yoxdur. Eyni zamanda mədəni, humanitar və s. sahələrdə əlaqələr inkişaf edir: «Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra islahatlar aparılır, inkişaf konsepsiyaları hazırlanır. Şübhəsiz ki, bu təşəbbüslər dolğun statistik məlumatların toplanılması və təhlili sisteminin təkmilləşdirilməsini də nəzərdə tutur. Bu halda yeniləşmiş sistemin idarə edilməsi və istifadəsini təmin etmək bacarığında olan mütəxəssislərin olması çox önəmlidir. Bu bacarıq yeni təhlil metodlarının istifadəsi, kompyuter proqram təminatının hazırlanması, məlumatların uzlaşdırılması və digər aidiyyəti peşəkar amilləri əhatə etməlidir. Düşünürəm ki, seminar bu sualların cavabını özündə əks etdirəcək».
   Dünya Turizm Təşkilatının Avropa üzrə direktoru xanım İzabel Qaranya Azərbaycanın turizm sahəsinə mühüm əhəmiyyət verdiyini bildirdi. Ölkəmizdə bu sahədə bir çox layihələrin həyata keçirildiyini deyən DTT nümayəndəsi Şahdağ Qış-Yay Turizm Kompleksinin inşasını xüsusi qeyd etdi. Onun sözlərinə görə, turizm statistikası bu sahəyə nəzarət və turizmi digər iqtisadi sektorlarla müqayisə etməyə imkan verir: “Burada əsas məsələ hökumətin və dövlətin turizm sahəsinə göstərdiyi maraqdır ki, bu da Azərbaycanda yüksək səviyyədədir”.
   Seminarın təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirən İ.Qaranya tədbirin iştirakçı ölkələrdə turizm statistikasının göstəricilərinin yaxşılaşdırılması baxımından faydalı olacağını diqqətə çatdırdı.
   Qeyd edək ki, seminarda Azərbaycandan Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank və Dövlət Miqrasiya Xidmətinin, həmçinin təmsil olunan ölkələrdən aidiyyəti qurumların nümayəndələri iştirak edirlər.
   Seminar iyunun 12-də başa çatacaq.

   Fəxriyyə Abdullayeva