Əfsanəvi balerina Tamilla Şirəliyeva müsahibimizdir
Yaşımız çatmadı ki, onu səhnədə görüb alqışlaya bilək. Bizim nəslin balet sənəti ilə maraqlanan, Opera və Balet Teatrının bircə premyerasını ötürməyən, qastrolçuların hər çıxışını seyr edən, doğma sənətçilərin yaxın-uzaq səhnələrdəki uğurlarını izləyən nümayəndələri üçün onlar artıq tarixi şəxsiyyət idilər. Bizimlə eyni şəhərdə, eyni ölkədə, eyni dünyada, üstəlik, eyni zamanda yaşasalar da, artıq canlı əfsanəyə çevrilmişdilər.
Qismətə bax ki, həmin canlı əfsanələrdən biri ilə üzbəüz söhbət edirik. Azərbaycanın Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Tamilla Şirəliyevanın xudmani mənzilində qonağam.
Müsahibələrindən, yadigar lentlərindən, yetirmələrinin heyranlıq və minnətdarlıq dolu söhbətlərindən tanıdığım Tamilla xanımla ilk dəfə söhbətdaş olduğumdan suallarım onun demək olar ki bütün yaradıcılıq karyerasını əhatə edir. Hələ müsahibə üçün razılığa gələndə görkəmli balerinanın qayğısını çəkən köməkçisi, qohumu Sevinc xanım xəbərdarlıq etmişdi ki, Tamilla xanım xaraktercə çox sakit adamdır. Ünsiyyət sevən olsa da, yalnız soruşduqlarınıza qısa və konkret cavab verəcək. Ondan uzun-uzadı etiraflar, kiminsə ünvanına irad, ya da inciklik eşitməyəcəksiniz.
– Tamilla xanım, çox təəssüf ki, sizi səhnədə görməmişəm, yalnız oynadığınız tamaşalardan fraqmentləri izləmişəm…
– Eh, mən səhnəyə çıxanda siz yəqin hələ dünyaya gəlməmişdiniz…
– Elədir. Balet sənətini seçmək, bu çətin və ağır sənətin fədakarı olmaq fikrinə necə düşdünüz?
– Uşaq idim. Anam baleti çox sevirdi deyə, mənim əvvəlcə rəqs dərnəyinə getməyimi, sonra da xoreoqrafiya məktəbində oxumağımı istədi…
– Əgər sizin qabiliyyətiniz və həvəsiniz olmasaydı, çətin ki təkcə ananızın istəyi ilə bu mövqeyə çatardınız…
– Əlbəttə. Əvvəla, balet məktəbinə gələn uşağın orqanizmində elastik toxumanın miqdarı çox olmalıdır ki, bədəni onun sözünə baxsın. Bu, məsələnin fizioloji tərəfidir. Üstəlik, səbirli, dözümlü olmaq, son məqsədə doğru getmək, sənətə sonsuz sevgi, bir də fədakarlıq lazımdır! Əgər incəsənətin digər sahələrində fədakarlıq etmədən də uğur qazanmaq olursa, baletdə qurbansız, fədakarlıq etmədən uğur qazanmaq mümkün deyil!
– Ən birinci qurban da ömür boyu, yəni səhnədə olduğun qədər xüsusi pəhriz gözləməklə başlayır yəqin…
– Əslində, biz bu pəhrizə elə məktəbdən alışırıq. Başqa cür mümkün deyil.
– Məktəbdə müəlliminiz kim olub?
– Qəmər Almaszadə!...
– Eşitdiyimə görə, onun kimi ciddi, sərt, güzəştə getməyən pedaqoq olmayıb.
– Baletdə başqa cür mümkün deyil. Müəllim ki səhlənkar, qeyri-ciddi oldu, heç nə. Onun yetirmələrindən uğur gözləməyə dəyməz.
– Sonra da teatrda Qəmər xanımın rəhbərliyi altında işlədiniz.
– Bilirsiniz, əslində, teatrda baş baletmeyster, balet truppasının rəhbəri xoreoqrafiya məktəbindəki pedaqoqun işini davam etdirir. Bu sənət o qədər fərdidir ki, balet artisti karyerasının sonunadək öyrənir.
– Karyera demişkən, siz bizim teatrda ən uzunömürlü balerinalardan olmusunuz…
– Balet artistinin səhnə ömrü adətən iyirmi ildir. Amma mən düz 25 il səhnədə oldum. Səhnədə olduğum illərdə də teatrda səhnələşdirilən bütün əsərlərdə əsas partiyaları ifa etdim.
– İlk rolunuz isə, səhv etmirəmsə, Gülyanaq olub…
– “Qız qalası” baleti mənim həm diplom tamaşam olub, həm də teatrda ilk tamaşam. Sonralar “Məhəbbət əfsanəsi”ndə Məhminə banu, “Don Kixot”da Kitri, “Jizel”də Jizel, “Sonalar gölü”ndə Odetta, Odilliya kimi səhnəyə çıxdım.
– …Və “Min bir gecə”nin ilk Şəhrizadı oldunuz…
– Şəhrizad çox dolğun obrazdır. Onu çox sevdim. Bu tamaşaya görə bütün yaradıcı heyət SSRİ Dövlət Mükafatına layiq görüldü.
– Tamilla xanım, Moskvada Kremlin Qurultaylar Sarayında oynadığınız “Min bir gecə” tamaşasının lent yazısına baxmışam. O tamaşa sanki bir uçuş idi, birnəfəsə oynanıldı. Həm də bildiyim qədər həmin tamaşadan ötrü siz riskə də getmisiniz…
– Hə, o vaxt hamilə idim, sadəcə, Teymurun dünyaya gəlişinə hələ çox var idi deyə, o çıxışımı risk saymırdım…
– Bu sualı jurnalist yox, bir qadın, ana kimi verirəm: yəni sizin sənət sevginiz övlad sahibi olmaq istəyindən bu qədər güclü idi ki, riskə getdiniz?
– Yox. Sadəcə, ömür boyu bir şeyə inanmışam: olacağa çarə yoxdur. Nə olmalıdırsa, o, mütləq baş verəcək.
– Mərhum həyat yoldaşınız da sənət aləmindən idi?
– Yox. O, Mərdəkanda indiki Polis Akademiyasında işləyirdi. Mənim Mərdəkanda kiçik bir mənzilim var idi. Yayda orada qalardım. Yolum da akademiyanın qarşısından keçirdi. Mən o yolu gedib-gələndə diqqətini çəkmişdim. Bir gün qarşımı kəsib tanış olmaq istədi. Beləcə, münasibətimiz yarandı.
– Nə yaxşı ki, qarşınızda ya səhnə, ya da ailə seçimi qoymadı.
– O məni sənətimlə birgə qəbul etdi, yəni necə varamsa. Mən də balerina olmaqla yanaşı, evimin xanımı oldum. Heç köməkçim də yox idi. Bütün ev işlərini özüm görmüşəm, yemək də bişirmişəm, oğluma da özüm baxmışam. Yalnız mən qastrola gedəndə qayınanam oğlu ilə nəvəsinin qayğısına qalardı.
– Hər gözəl sənətçi heç də yaxşı pedaqoq ola bilmir… Özü də balet kimi improvizələrlə, nəzəri bilikdən daha çox fərdi təcrübəyə əsaslanan sahədə...
– Düz deyirsiniz, hər istedadlı insan yaxşı müəllim ola bilmir, çünki pedaqoji qabiliyyət özü bir istedaddır. Bizim sənətimizdə yaxşı müəllim olmaq üçün gərək xəsis olmayasan, biliyini, təcrübəni, hətta duyumunu tələbələrin uğuruna xərcləməyi bacarasan…
– Kimi ən sevimli tələbəniz, öz ardıcılınız hesab edirsiniz?
– Kimləri… (gülümsəyir) Rimma İsgəndərova, Cəmilə Kərimova, Yuliya Ferştandt… Yaxşı tələbələrim çoxdur, amma bu üç qızı hamıdan çox istəyirəm. Onlar da məni heç vaxt unutmurlar. Evdən çıxmaq indi mənim üçün çətin olsa da, Cəmilənin toyuna da getdim, ötən ay isə Yuliya məni “Jizel” tamaşasına dəvət etmişdi. Çox gözəl tamaşa oldu, onun çıxışından razı qaldım.
– Tamilla xanım, bu yerədək baletin gözəlliklərindən danışdıq, amma əziyyətindən heç söz açmadıq…
– Əziyyət deyəndə ki, balet artistləri belağrısından, balerinalar isə həm də ayaq ağrısından əziyyət çəkirlər. Nə qədər barmaqlarını qatlayıb yerimək, rəqs etmək olar?! Bəzən tamaşadan sonra puantları çıxaranda görürsən ki, barmaqlarının ucu qanın içindədir. Heç yadımdan çıxmaz, bir dəfə Soçidə qastrolda idik. Gündüz tamaşasından sonra dənizə getdim, sahildə oturub ayaqlarımı suya salladım ki, sızıltısı bir az kəssin. Birdən iki qadın mənə yaxınlaşdı. Demə, onlar bizim tamaşaya baxıbmışlar. Məni tanıdılar, söhbət zamanı soruşdular ki, niyə dənizə baş vurmuram? Ayaqlarımı sudan çəkib onlara göstərəndə dəhşətə gəldilər. Bəli, balet sənətinin belə ağrılarını tamaşaçılar görmürlər.
– 2002-cı ildə Ulu öndər Heydər Əliyev Azərbaycanın görkəmli sənət adamları üçün Prezident təqaüdü təsis etdi və siz həmin təqaüdə layiq görülən ilk sənətkarlardansınız.
– Mərhum Heydər Əliyev bizim bütün premyeralarımıza gələrdi. Tamaşadan sonra da mütləq səhnə arxasına keçib yaradıcı heyətlə görüşərdi, öz təəssüratını bölüşərdi, yeri gələndə məsləhət də verərdi. O, incəsənəti çox gözəl bilirdi. O ki qaldı təqaüdə, bilirsiniz, çəkdiyin əziyyətin dövlət başçısı, hökumət səviyyəsində qədri bilinəndə hiss edirsən ki, sənətə həsr etdiyin ömrü hədər yaşamamısan…
***
Tamilla xanım ilə çox söhbət edə bilərdik. Sadəcə, əfsanəvi balerina, gözəl pedaqoq 77-ci doğum günü ərəfəsində bir qədər nasaz idi deyə, onu yormaq istəmədik. Bəli, məhz bu gün, dekabrın 8-də Xalq artisti, “Şöhrət” ordenli Tamilla Şirəliyevanın doğum günüdür. Səhhəti onu sevimli sənətindən, cəmiyyət içinə istədiyi qədər çıxmaqdan məhrum etsə də, həyatın gərdişini olduğu kimi qəbul edir. Hətta özümə ehtiyatsız verilmiş kimi görünən “Yuxuda teatrı, səhnəni görürsünüz” sualıma düşünmədən sakitcə, hətta bir qədər etinasız cavab verdi: “Yox, görmürəm”. Bir an susub yuxu mövzusunu davam etdirdi: “Teatrda işlədiyim illərdə tez-tez eyni yuxunu görərdim. Görərdim ki, tamaşada çıxışıma az qalıb, amma mən hələ teatrda deyiləm, gecikirəm. Hər dəfə də təlaşla oyanıb yerimdən dik atılardım. Bir an sonra anlayanda ki yuxu görmüşəm, sakitləşib şükür edərdim...”.
***
…Müdrik insanlardan biri deyib ki, tale ilə barışmağı bacarmaq güclü olmaq deməkdir. Tamilla xanımla söhbətdən anladım ki, qarşımdakı qadın elə həmin müdrik insanın təsvir etdiyi güclü insanlardan biridir. Haqq etdiyi ünsiyyətə həsrət qalsa da, illərdən bəri ABŞ-də yaşayan yeganə oğlu, nəvəsi üçün darıxsa da, ömrünü həsr etdiyi xoreoqrafiya məktəbindən onu hərdənbir axtarsalar da, bu mövzulardan söz düşəndə sakit, emosiyasız danışdı. Bəlkə də o, əsl sənət adamı kimi bütün emosiyalarını səhnədə, əsl pedaqoq kimi də məşq otağında gen-bol xərcləmişdi deyə, ona görə həyatda bu qədər sakit idi...
Təbii ki, Tamilla Şirəliyevanın doğum gününü oxucularımızın birbaşa təbrik etmək şansı yoxdur. Sadəcə, bu gözəl xanıma Allahdan cansağlığı diləyin, yetər. Sizin təbrikinizi biz çatdırarıq.
Gülcahan Mirməmməd