Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

 

1999-cu il 16 fevral

 

Prezident Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının iclasına sədrlik edib.

“...Bu gün bütün çıxışlarda bir daha qeyd olundu ki, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının ən görkəmli, ən parlaq abidəsidir. O, tarixi köklərimizi dünyaya göstərir, oğuz, türk mənşəyimizi və zəngin tariximizi sübut edir. Məlumdur ki, XX əsrdə Azərbaycan xalqı bir çox tarixi hadisələri yubileylərlə, yaxud başqa tədbirlərlə qeyd edibdir. Ancaq təəssüflə deyə bilərik ki, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycanın həyatında özünəməxsus yeri indiyə qədər tutmayıbdır. Bunun da səbəbləri məlumdur. Tariximizin, o cümlədən ədəbiyyat, mədəniyyət tariximizin həmişə ideologiya təsiri altında qalması, bu barədə bizim sərbəst olmamağımız vaxtilə belə böyük itkilərə gətirib çıxarmışdı...

Bununla yanaşı, bu gün məmnuniyyətlə qeyd etmək lazımdır ki, Azərbaycanın vətənpərvər alimləri, tədqiqatçıları, yazıçıları, şairləri “Kitabi-Dədə Qorqud” dastanı haqqında öz imkanları dairəsində əsərlər yaratmışlar və “Kitabi-Dədə Qorqud”un tədqiqatı aparılmışdır. Ancaq buna dövlət himayəsi istənilən səviyyədə olmamışdır...

Burada artıq qeyd olundu ki, Həmid Araslının, Məmmədhüseyn Təhmasibin, Əbdüləzəl Dəmirçizadənin və başqa alimlərin yazdıqları əsərlər “Kitabi-Dədə Qorqud” dastanının elmi tədqiqi və geniş təbliğ edilməsi üçün böyük xidmətlər göstərmişdir. Başqa bir çox alimlərin də adını çəkə bilərik. Bizim hörmətli alimlərimiz burada çıxış etdilər və öz tədqiqatları, yazdıqları əsərlər barədə məlumat verdilər. Bunlar hamısı çox qiymətlidir.

“Kitabi-Dədə Qorqud”un elmi nöqteyi-nəzərdən tədqiq edilməsi bizim üçün çox lazımdır. Eyni zamanda, “Kitabi-Dədə Qorqud” Azərbaycan ictimaiyyəti, xalq üçün tanınmalıdır. Mən bu baxımdan Anarın xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Anarın bu münasibətlə yaratdığı filmi də qiymətləndirirəm.

...Hər bir tarixi hadisəni elmi kitablardan da tapıb oxumaq olar. Amma hər bir insan elmi kitablardan istifadə edə bilmir. Son onilliklərin təcrübəsi onu göstərir ki, geniş kütlə, xalq üçün tarixi hadisələri izah, təbliğ etməkdən ötrü ən gözəl vasitə onlar haqqında filmlərin, səhnə əsərlərinin yaranmasıdır. Ona görə də tarixi mövzuda yaradılan əsərlər, filmlər çox qiymətlidir. Şübhəsiz ki, Anarın yaratdığı “Dədə Qorqud” filmi də çox qiymətlidir... Mən burada irəli sürülən təkliflərlə tamamilə razıyam ki, “Kitabi-Dədə Qorqud” haqqında böyük bir serial yaratmaq olar. Bu təklifi dəstəkləyirəm, qəbul edirəm və biz belə bir serialın yaranması üçün lazımi vəsait taparıq. Yəqin ki, bu, tədbirlər planında öz əksini tapmalıdır və bu barədə işlər görülməlidir.

Beləliklə, indiyə qədər görülən işləri yəqin ki, “Kitabi-Dədə Qorqud”un tarixinin öyrənilməsinin birinci mərhələsi hesab etmək olar. Yəqin ki, ikinci mərhələ “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi haqqında verilmiş fərmandan başlanır. Bu fərmanın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, birincisi, biz bütün dünyaya nümayiş etdirir və bildiririk ki, bəli, “Kitabi-Dədə Qorqud” dastanının azı 1300 il yaşı vardır. İkincisi, onu bildiririk ki, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqına, bütün Türk dünyasına məxsusdur. Ancaq onun vətəni Azərbaycandır.

Hesab edirəm ki, 1997-ci ildə verilmiş fərman gələcək çox illər, on illər üçün böyük perspektiv açıbdır. Biz böyük bir perspektiv plan hazırlamalı və onu ardıcıl surətdə həyata keçirməliyik.

...Burada irəli sürülən təkliflər çox dəyərlidir. Məsələn, mən bu fikirlə razıyam ki, Dədə Qorquda adi bir heykəl qoymaq o qədər də məqsədəuyğun olmazdı. Böyük bir kompleks yaratmaq, onun üçün münasib yer seçmək olar... Sonra orada cürbəcür başqa abidələr də yaratmaq olar. Memarlarımız, heykəltaraşlarımız, rəssamlarımız bu barədə düşünməlidirlər...”.

 

1999-cu il 21 fevral

 

“Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında sərəncam imzalayıb.

Xalq artisti, bəstəkar Süleyman Ələsgərovu 75 illik yubileyi münasibətilə təbrik edib.

 

1999-cu il 23 fevral

 

Cəfər Cabbarlının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

1999-cu il 27 fevral

 

Azərbaycan rəssamlıq sənətinin inkişafındakı xidmətlərinə görə Xalq rəssamı Oqtay Sadıqzadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb. Rəssamı yaradıcılığının 60 illiyi münasibətilə təbrik edib.

 

1999-cu il 4 mart

 

Görkəmli qazax yazıçısı, ictimai xadim, Qazaxıstanın İtaliya və Yunanıstandakı səfiri Oljas Süleymenovu qəbul  edib.

 

1999-cu il 7 mart

 

Elm, mədəniyyət, incəsənət xadimlərinə və ictimai xadimlərə “İstiqlal” və “Şöhrət” ordenlərini təqdim edib.

“İstiqlal” ordeni ilə təltif edilənlər arasında mərhum akademik Ziya Bünyadov (orden alimin həyat yoldaşı Tahirə xanıma təqdim edilib), Xalq artisti Leyla Bədirbəyli; “Şöhrət” ordeni alanlar arasında Xalq artistləri – xanəndə Tükəzban İsmayılova, bəstəkar Süleyman Ələsgərov, Xalq rəssamı Oqtay Sadıqzadə, tarixçi professor Yaqub Mahmudov da var idi.

 

1999-cu il 12 mart

 

Azərbaycanda Dağıstan Mədəniyyəti Günləri çərçivəsində Respublika Sarayında Dağıstan incəsənət ustalarının konsertinə baxıb, konsertdən sonra yaradıcı heyətlə görüşüb.

 

1999-cu il 13 mart

 

Prezident Sarayında Xalq rəssamı Oqtay Sadıqzadəni qəbul edib. Rəssam Heydər Əliyevə onun yenidən prezident seçilməsi münasibətilə çəkdiyi portretini, habelə Xalq rəssamı mərhum Elmira Şahtaxtinskayanın mənzərə janrında iki əsərini təqdim edib. Oqtay Sadıqzadə həmçinin dövlət başçısından Nizami adına Ədəbiyyat Muzeyinin təmiri üçün köməklik göstərilməsini xahiş edib.

“...Muzey haqqında dediyiniz məlumatı nəzərə alaram. Mən bilmirdim, heç kəs mənə deməyibdir. Yəqin ki, bir tədbir görmək lazımdır. Doğrudan da, o, nadir bir binadır, unikal muzeydir. Oranı qorumaq, saxlamaq lazımdır...”.

Hazırladı: V.Orxan

(davamı var)