Qlobal iqlim dəyişikliyi, quraqlıq hər ötən il özünü daha da aydın göstərir. Quraqlıq səbəbindən Türkiyənin ən böyük su hövzəsi olan Van gölünün (3 713 kv.km) də suyu sürətlə çəkilir.

Gölün sahillərində illər əvvəl su səviyyəsinin qalxması səbəbindən göldə görünməz olan tikililər gün üzünə çıxır. Vaxtilə Gevaş səmtindəki Səlcuqlu qəbiristanlığındakı daşlardan daşınaraq inşa edilən, ancaq zamanla su altında qalan estakada yenidən görünməyə başlayıb.

Van Muzey Müdirliyinin mütəxəssislərdən ibarət qruplar tərəfindən Səlcuqlu dövrünə aid ümumilikdə 35 məzar daşı sudan çıxarılıb. Mütəxəssislərin fikrincə, tarixi daşlar Bitlis vilayətinin Ahlat rayonu ərazisindəki Səlcuqlu məzarlığından 1930–1940-cı illərdə bura gətirilib və estakadanın tikintisində istifadə olunub.

Yazıları və ənənəvi motivləri ilə diqqəti çəkən 2 metr uzunluğu olan məzar daşları artıq muzeyə köçürülüb. Üzərində yaranmış təbəqə təmizləndikdən sonra daşlar yenidən Səlcuqlu qəbiristanlığında qoyulacaq.

Qeyd edək ki, ən böyük türk-islam məzarlığı hesab edilən bu məkan 1200-cü ildə yaranıb. Səlcuqlu məzarlığında 8200 ədəd ərəb əlifbası ilə yazılı, qabartma və oyma üsulu ilə işlənmiş daş mövcuddur.

Xatırladaq ki, Türkiyənin “Ahlat ənənəvi daş ustalığı” milli nominasiyası 2022-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.