İtaliya Çin tərəfindən irəli sürülən və tarixi İpək Yolu üzərində ticarəti böyük layihələrlə canlandırmaq məqsədi daşıyan “Bir kəmər, bir yol” təşəbbüsündən çıxıb.
İtaliya hökuməti bununla bağlı Çinin Romadakı səfirliyinə rəsmi məktub göndərib. Sənəddə İtaliyanın “Bir kəmər, bir yol” təşəbbüsündə iştirakını uzatmayacağı bildirilib.
Qeyd edək ki, İtaliya “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk və yeganə G7-yə üzv ölkə idi. Baş nazir Ciorcia Meloni bir qədər əvvəl ölkəsinin “Bir kəmər, bir yol” təşəbbüsündən çıxacağını nəzərdən keçirdiyini demişdi.
Qeyd edək ki, bu ilin oktyabrında Pekində keçirilən “Bir kəmər, bir yol” təşəbbüsü üzrə üçüncü forumda yüzdən çox ölkə təmsil olunub. Forum çərçivəsində keçirilən biznes-konfransın iştirakçıları ümumilikdə 97,2 milyard dollarlıq sazişlər imzalayıblar.
Çin Xalq Respublikasının Sədri Si Cinpin bildirib ki, ölkəsi “Bir kəmər, bir yol” təşəbbüsü üzrə “yaşıl” infrastruktur, “yaşıl” energetika və “yaşıl” nəqliyyat kimi sahələrdə əməkdaşlığı dərinləşdirməyə davam edəcək.
“Bir kəmər, bir yol” təşəbbüsü tarixi İpək Yolunun dirçəldilməsi istiqamətində əsas marşrut (“Orta dəhliz”) sayılır. Azərbaycan da “Bir kəmər, bir yol” təşəbbüsünün iştirakçısıdır.