Dünyanın ən zəngin insanlarından sayılan İlon Maskın “SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi dekabrın 7-də qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan daha 23 ədəd “Starlink” peykini orbitə çıxarıb.
Bu, 2019-cu ildən bəri internet peyklərinin orbitə çıxarılan sayca 128-ci, cari ildə isə 59-cu qrupudur. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,5 mindən çox peyk buraxıb. Onların 5,1 mindən çoxu işlək vəziyyətdədir.
Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 62 ölkəsində istifadəçilər üçün əlçatandır.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.