Xətai Sənət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində Əməkdar rəssam Rafael Abbasovun (1943-2020) 80 illik yubileyinə həsr olunmuş təqvimin təqdimatı və xatirə gecəsi keçirilib.
Xalq rəssamları Arif Hüseynov, Siruz Mirzəzadə, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev və başqa çıxış edənlər rəssamın yaradıcılıq yolundan söz açıb, xatirələrini bölüşüblər.
Bildirilib ki, Rafael Abbasovun yaradıcılığında portret janrı xüsusi yer tutur. O, Ulu öndər Heydər Əliyevin də portretlərini böyük sənətkarlıqla yaradıb.
Rəssamın əsərlərində ölkəmizin, xüsusən də Abşeron və Naxçıvanın təbiətinə sevgi duyulur. Onun əl işləri ölkəmizlə yanaşı, Almaniya, ABŞ, Meksika, Kanada, Koreya, Türkiyə, Özbəkistan, Latviya, Belarus və Rusiyada qalereyalarda, şəxsi kolleksiyalarda saxlanılır.
Rafael Abbas oğlu Abbasov Bakıda anadan olub. 1960–1965-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1968–1974-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1967-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısı olub.
Lalə