BDU-da Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş elmi konfrans

 

Bakı Dövlət Universiteti (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş “Mütaliə mədəniyyəti və oxucu məmnunluğu” mövzusunda respublika elmi konfransı keçirilib.

BDU-dan verilən məlumata görə, tədbirdə yazıçının həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Universitetin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Xalq yazıçısı Anarın yubileyinə həsr olunmuş konfransın BDU-da keçirilməsinin təsadüfi olmadığını deyib: “Anar müəllimin həm özü, həm də övladları universitetin məzunlarıdır. Hesab edirəm ki, konfransın adı və elmi istiqamətləri doğru müəyyən edilib. Anar yaradıcılığı ilə ölkəmizdə mütaliə mədəniyyətinin, oxucu zövqünün formalaşmasına, eləcə də kitabxanalarımızın fondlarının inkişafına mühüm töhfələr verib”.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli yazıçının yaradıcılığı, nəsrindəki çoxşaxəli istiqamətlər, əsərlərinin obrazlar sistemi barədə danışıb: “Anarın yaradıcılığı möhtəşəm azərbaycançılıq abidəsidir. Onun keçmiş mətnlərə yeni nəfəs vermə məharətini yüksək qiymətləndirirəm. Anar müəllim əvvəlki əsərlərinin motivlərinə bir daha qayıtmaqla həmin əsərləri daha da dərinləşdirir”.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov, BDU-nun Türk filologiyası kafedrasının professoru, Milli Məclisin deputatı Jalə Əliyeva, Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxışlarında Anar yaradıcılığının məziyyətləri barədə danışıblar.

BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan “Anar yaradıcılığı və oxu mədəniyyəti” mövzusunda məruzə edib.

İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı diqqətə çatdırıb ki, iki gün ərzində konfransda Anarın yaradıcılığı barədə, eyni zamanda, mütaliə mədəniyyəti, oxucu zövqü, kitab sənayesi, müəlliflik hüququ və əlaqəli hüquqlar kimi sahələr üzrə ümumilikdə 40-dan çox məruzə dinləniləcək.

Xalq yazıçısı konfransın təşkilatçılarına, çıxış edənlərə, iştirakçılara təşəkkürünü bildirib: “Məzunu olduğum doğma Bakı Dövlət Universitetində yubileyimə həsr olunmuş yüksək səviyyəli elmi konfransın keçirilməsi mənim üçün çox əlamətdardır”.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Zəfərdən bəhs edən yazıçı deyib: “Özümü çox xoşbəxt hesab edirəm ki, ölkəmizin gözəl günlərinin şahidi oldum, Qarabağın azadlığını, Şuşamızı görə bildim. Bugünkü xoşbəxtliyimizin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev bu təməllər üzərində Azərbaycanı daha qüdrətli ölkəyə çevirdi”.