Dekabrın 7-də Bakıda “Azərbaycan Turizm Sammiti – 2023” adlı tədbir keçirilib. Ənənəvi tədbir bu il Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Sammitdə “Heydər Əliyev və Azərbaycan turizmi” adlı sənədli film (müəllif Rüfət Həmzəyev) və kitabın təqdimatı olub.
Ekran əsərində Ulu öndərin sovet hakimiyyəti və müstəqillik dövründə turizmin inkişafı üçün qəbul etdiyi qərarlar, vaxtında atılan addımlar və bu uğurlu siyasətin davamı olaraq son 20 il ərzində turizmə ölkə rəhbərliyi tərəfindən diqqətin göstərilməsi sayəsində qeyri-neft iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsindən bəhs olunur.
Dövlət Turizm Agentliyi (DTA) Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov, şöbənin sektor müdiri Nicat Abbaslı bu il ərzində turizm sahəsinin inkişafı üçün görülən işlər, o cümlədən “2023–2026-cı illər üçün Turizm İnkişaf Strategiyası”nın hazırlanması, vahid turizm platforması rolunu oynayan Turizm İnformasiya Sisteminin fəaliyyətə başlaması haqqında danışıblar.
Qeyd edilib ki, 11 ay ərzində Azərbaycana 1 milyon 893 mindən çox turist gəlib, bu isə ötən illə müqayisədə 30 faiz çoxdur. Pandemiyadan sonra turizm sənayesində bərpa prosesi sürətlə davam edir.
Həmçinin maddi mədəni irsimizin qorunması istiqamətində görülən işlər üzrə “Xınalıq və Köç yolu mədəni landşaftı” maddi mədəni irs nümunəsinin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi, Xınalıq, Basqal, Yuxarı Baş, Kiş kimi qoruqlarda bərpa və konservasiya işlərinin davam etdirilməsi vurğulanıb. Bildirilib ki, yeni və unikal turizm məhsulu kimi Palçıq Vulkanları Turizm Kompleksi üzrə işlər yekunlaşmaq üzrədir.