Bu müddəa sülh sazişində əksini tapmalıdır

 

İkinci Qarabağ müharibəsinin bitməsindən sonrakı 3 il ərzində mən ictimai şəkildə bəyan edirdim ki, biz Qarabağda yaşayan erməniləri öz vətəndaşımız hesab edirik. Biz düşünürük ki, onlar separatçıların liderləri tərəfindən manipulyasiya edilirlər. Biz onlara həmin ərazidə qalmaq və yaşamağa davam etmək üçün şərtlərimizi təklif etdik. Dediyim kimi, bu, tamamilə beynəlxalq hüquqa uyğun idi. Onların edəcəkləri yeganə iş Azərbaycan vətəndaşlığı üçün müraciət etmək idi.

Prezident İlham Əliyev bu sözləri dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələləri də nəzərə alınmışdı. Biz dəfələrlə demişdik ki, onların təhlükəsizliyi Azərbaycanın Konstitusiyasına uyğun və beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərimizə əsasən təmin ediləcək: “Proses uzun çəkdi və dərk etdik ki, bizim və Qarabağda yaşayan ermənilər arasında bir növ sədd var. Bilmirəm, bu sədd Ermənistan hökuməti və ya separatçılar tərəfindən yaradılıb. Daha sonra qərara gəldik ki, danışmağa başlamaq lazımdır və mən parlamentin üzvü olan bir nəfəri Prezidentin xüsusi nümayəndəsi təyin etdim və onun vəzifəsi Qarabağ erməniləri ilə danışmaqdan ibarət idi. Biz hətta ilk görüşün Rusiya sülhməramlılarının o zaman hələ də işğal altında olan Xocalıdakı bazasında keçirilməsinə razılıq verdik. Bu görüş baş tutdu. Həmin ilk görüşdə biz onlara təklif etdik ki, qalsınlar və inteqrasiya etsinlər. Mənim dəfələrlə istifadə etdiyim reinteqrasiya sözü istehza ilə qarşılandı, həm Ermənistan hakimiyyəti, həm də separatçılar tərəfindən. Həmin separatçılar ki, bu gün təcridxanada verdikt gözləyirlər. Biz təklif etdik ki, ikinci görüş Yevlax şəhərində keçirilsin, o, Qarabağa yaxın, maşınla birsaatlıq məsafədə yerləşir və bu görüşlər müntəzəm olsun. Təəssüflər olsun ki, Qarabağ erməniləri, yəni özlərini lider hesab edənlər bundan imtina etdilər. Bir neçə dəfə, ən azı iki dəfə biz ictimai şəkildə bəyan etdik ki, onları dəvət edirik, lakin onlar bundan imtina etdilər.

Beləliklə, heç bir təmas yox idi. Onlar heç bizimlə danışmaq istəmirdilər. Daha sonra biz digər kanallardan istifadə etmək qərarına gəldik. Biz bunu bəyan etdik və reinteqrasiya ilə bağlı təklifimizi açıqladıq. Bu məlumat dərc edilib, siz onu tapa bilərsiniz. Hər kəs onunla tanış ola bilər. Biz reinteqrasiyaya dair elektron portal yaratdıq ki, orada Azərbaycan vətəndaşlığını almaq istəyən hər kəs qeydiyyatdan keçə bilər. Onlara təklif etdiyimiz bütün hüquqlarla bağlı əlavə məsləhətləşmələr də aparılacaqdı. Onlara təklif etdiklərimizin hamısı tamamilə qəbuledilən idi və ən yaxşı təcrübəyə əsaslanırdı – milli azlıqlarla bağlı Avropa Konvensiyası, dil ilə bağlı Avropa Konvensiyası, ana dilində təhsil, dini hüquqlar, mədəni hüquqlar, bələdiyyə hüquqları. Onlara bələdiyyə seçkiləri vasitəsilə nümayəndələrini seçmək təklif edildi. Biz onlara mesaj verdik ki, 2024-cü ildə bələdiyyə seçkiləri keçiriləcək və onlar iştirak edə bilərlər. Onlar öz nümayəndələrini seçə bilərlər ki, öz bələdiyyələrinin rəhbərləri olsun.

Bundan başqa biz nə təmin etməli, nə təklif etməli idik? Bu, maksimum idi və hər şey tam şəffaf idi. Bu təklif vasitəçi olmaq istəyən ölkələrin paytaxtlarına göndərildi. Yəni, Avropa İttifaqı, Brüssel və Vaşinqton. Biz bunu tam şəffaf şəkildə etdik. Onlar yox cavabı verdilər. Bilirsiniz onlar nə zaman görüşməyə razılıq verdilər? Yalnız sentyabrın 20-dən sonra. Sentyabrın 20-də biz suverenliyimizi bərpa etmək üçün artıq güc tətbiq etməli olandan sonra onların nümayəndələri Yevlaxa gəldilər. Onlar bir dəfə deyil, iki dəfə gəldilər. Sual yaranır ki, bəs niyə o vaxta qədər gəlmirdilər? Onlar əvvəl gəlmiş olsaydılar, antiterror əməliyyatına ehtiyac olmazdı. Yəni, bu tarixdir, yaxın tarix”.

 

“Qayıtmaq istəyənlər məlum mexanizmdən istifadə edə bilərlər”

 

Prezident daha sonra deyib: “İndi isə vəziyyət necədir? Bu gün o təklif masa üzərindədir. Elektron portalımız fəaliyyət göstərir. Artıq bir neçə Qarabağ ermənisindən müraciət daxil olub. Onların bəziləri orada qalıb yaşamağa üstünlük verir. Biz Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrini təyin etmişik ki, orada rahatlığını təmin edə bilməyənlərə yardım göstərsinlər. Çünki bu gün həmin ərazidə sosial agentlik tərəfindən müdafiəyə ehtiyac var – qida, istilik və yaşayış üçün digər şəraitlə təmin olunmaq lazımdır. Deyə bilərəm ki, qalanların sayı çox deyil. Lakin qalanların qeydinə qalınır. Qayıtmaq istəyənlər isə sizə artıq məlumat verdiyim mexanizmdən istifadə edə bilərlər”.

Azərbaycanın bundan sonra Ermənistanla sülh prosesi və Cənubi Qafqaza sülh gətirilməsi istiqamətində addımları ilə bağlı sualına cavabında İlham Əliyev vurğulayıb ki, biz sülhü müharibə ilə gətirdik: “Hərbi yolla sülhə necə nail olmaq olar? Uzun illər danışıqlar və işğal zamanı mən Minsk qrupunun həmsədrlərindən eşidirdim, onlardan üçü bir ağızdan qeyd edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi. Dövlətçilik tarixinə, geniş beynəlxalq təcrübəyə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, onlar yanılırdılar. Düşünürəm ki, ya sadəcə, yanlış qiymətləndirdiklərinə görə yanılırdılar, ya da bu, Azərbaycana bir növ mesaj idi ki, siz sülh ssenarisindən başqa ssenariyə əl atsanız, uğur qazana bilməyəcəksiniz. Biz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu...

Otuz ildir işğala, dağıntılara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazisinin tamamilə dağıdılmasından əziyyət çəkən bir ölkə torpaqlarını beynəlxalq vasitəçilər olmadan məhz özü azad etdikdən dərhal sonra özü sülh təklif edib. Ermənistana sülh təklif edən biz idik. Biz – Azərbaycan tərəfi bildirdik ki, sülh sazişi imzalamalıyıq. “Delimitasiya ilə bağlı komissiyalarımız olmalıdır” dedik. Ermənistan deyil, Brüssel deyil, Vaşinqton, Paris və ya Moskva deyil, bunu deyən biz idik. Proses məhz belə başladı. Sonra gördük ki, heç nə baş vermir. Beləliklə, biz sülh sazişinin prinsiplərini işləyib hazırlamaq qərarına gəldik. Onları işləyib Ermənistana göndərdik. Sonra yenə sükut oldu və biz bunu ictimailəşdirdik. Beləliklə, biz o məşhur beş prinsipi açıqladıq ki, Ermənistan indi onları qəbul etməyə daha hazır görünür...”.

 

Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var

 

Prezident diqqətə çatdırıb ki, son aylar tərəflər arasında sülh sazişi layihəsi ilə bağlı beş-altı şərh mübadiləsi aparılıb: “Bu sülh sazişinin nə olduğu haqqında daha ətraflı məlumat vermək üçün deyim ki, bu, 20-dən az maddədən ibarət maksimum altı-yeddi səhifəlik bir sənəddir. Beləliklə, belə kiçik bir sənədə Ermənistana bizə cavab vermək üçün 70 gün vaxt lazım olub və onlar yalnız Azərbaycanın xarici işlər naziri bunu açıqlayandan sonra (“İki aydır gözləyirik, niyə cavab vermirsiniz?” deyəndən sonra) cavab verdilər.

Deməli, bu onu göstərir ki, bu prosesi gecikdirən tərəf Azərbaycan deyil, Ermənistandır. Niyə gecikdirdilər? Bunu bilmirəm. Bu, onların öz qərarı idi, yoxsa bəzi Avropa paytaxtlarında yeni dostları tərəfindən məsləhət görülüb? Bunu bilmirəm, yalnız ehtimal edə bilərəm. Amma fakt budur ki, sentyabrın 11-də göndərdiyimiz şərhlərə cavabı noyabrın 21-də aldıq. İndi Xarici İşlər Nazirliyimiz həmin şərhləri nəzərdən keçirir və biz onu geri göndərəcəyik. Düşünürəm ki, bundan sonra xarici işlər nazirlərinin görüşü məqsədəuyğun olacaq. Çünki indi görürük ki, biz hələ də konsensusa yaxın deyilik, amma Ermənistanın əvvəldən təkid etdiyi bir çox mühüm məsələlər artıq mövcud deyil. Onlar, ümumiyyətlə, mövcud deyil və şərhlərində də yoxdur... Düşünürəm ki, indi biz daha bir addım atırıq. Amma yenə də Azərbaycan təşəbbüskar ölkə olub, Azərbaycan faktiki olaraq öz iradəsini nümayiş etdirən ölkə olub və ümid edirəm ki, razılığa gəlmək çox vaxt aparmayacaq”.

Prezident vurğulayıb ki, mövcud vəziyyətdə Azərbaycana Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır: “Bu, bizə niyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var... Hələlik bunlar təxribatçı məsləhətlərdir, lakin onların dağıdıcı məsləhətlərə çevriləcəyini istisna etmirik. Deməli, iki ölkə arasında daha müharibə olmayacağına, Ermənistanın vəziyyətlə tam razılaşdığına və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediklərini həqiqətən nəzərdə tutduğuna dair zəmanətimiz olmalıdır. Onlar keçmiş “dağlıq qarabağ respublikası”nı unutmalı, sərhədin delimitasiyası məsələsində konstruktiv olmalıdırlar. Əsl sülh məhz budur.

İmzalanacaq sənəd şübhəsiz ki, əhəmiyyət kəsb edir, amma bizim üçün xüsusilə də 30 ildir ermənilərin torpaqlarımızın bir santimetrini belə azad etmək istəməməsindən sonra vacibdir. 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” deyəndə prezident olan əvvəlki Qarabağ klanının liderləri yox, Paşinyanın özü nə demək istəyirdi? Heç kim ona bu sualı vermirdi. Onun müdafiə naziri 2019-cu ildə də Azərbaycanı işğalla hədələyən “yeni ərazilər uğrunda yeni müharibə olacaq” deyəndə bu, Köçəryan-Sarkisyan qruplaşması deyildi. Bu, Paşinyan idi, o idi. İndi o, “Qarabağ Azərbaycandır!” deyir. Ona görə deyir ki, çünki biz müharibədə qalib gəlmişik, ideologiyasını dəyişdiyi üçün yox. İdeologiya eynidir. Onlar hələ də bu ideologiya ilə yaşayırlar. Ermənistan iqtidarı ilə müxalifətin fərqi yalnız ondan ibarətdir ki, Ermənistan hökuməti aydın başa düşür ki, əgər onlar bizim ərazi bütövlüyümüzə qarşı çıxmağa davam etsələr, arxasında kimin durmasından asılı olmayaraq, biz onları yenidən əzəcəyik, onların arxasında kimin dayanmasından və ya o məşhur, gözəl Avropa paytaxtında kimin onlara nə deməsindən asılı olmayaraq. Müxalifət bunu istəyir, çünki Paşinyanı devirmək istəyirlər. Onlar bunun baş verməsini istəyirlər. Onlar istəyirlər ki, o, bu səhvi etsin, sonra hakimiyyətə gəlsinlər. Deməli, bizim gözümüzlə görə biləcəyimiz zəmanətlər lazımdır. Bu, Qafqazda sülh üçün ən yaxşı amil olacaq...”.

 

“Azad edilmiş ərazilərdə yeni idarəçilik modelini sınaqdan keçiririk”

 

Dövlət başçısı azad edilmiş ərazilərin bərpası ilə bağlı danışarkən diqqətə çatdırıb ki, biz burada həmçinin yeni idarəçilik modelini sınaqdan keçiririk: “Prezidentin xüsusi nümayəndələr institutunu yaratmışıq. Bu vaxta qədər dörd nümayəndə var. Onların sayı daha çox olacaq. Bu, tamamilə yeni idarəçilik üsuludur və həmin müsbət təcrübə, ola bilsin, ölkənin qalan hissəsində də tətbiq edilsin. Texnoloji inkişaf, ekoloji baxımdan münbit biznes mühiti – bütün bunlar tətbiq ediləcək. Bir sözlə, bizim həmin planlarımız artıq var. Hələ onları kağız üzərinə köçürməmişik, çünki biz əsasən keçmiş məcburi köçkünlərin əsas hissəsini qaytarmalıyıq və bu, Azərbaycanın qalan hissəsinin yenidən qurulmasına və inkişafına dair yol xəritəsi olacaq”.

Prezident qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonası kimi elan etdikdən sonra növbəti addım Naxçıvan Muxtar Respublikasında atıldı. Hazırda biz Naxçıvanda 1500 bərpaolunan enerji mənbəyinin tikintisi planını tərtib etmişik: “Biz Naxçıvan Muxtar Respublikası üçün xüsusi dövlət inkişaf proqramını qəbul etmişik. Həmin proqram bir növ “Böyük Qayıdış” adlanan Qarabağ və Şərqi Zəngəzur proqramına bənzəyir. Biz Qarabağda şəhərsalmanın planlaşdırılmasına kömək etmiş beynəlxalq şirkətləri eyni işləri Naxçıvanda da görməsi üçün artıq seçmişik. Mövcud şəhər infrastrukturunu nəzərə alaraq, bu addım atılır, çünki coğrafi və mədəni baxımdan Qarabağ, Zəngəzur və Naxçıvan müəyyən dərəcədə eyni bölgəyə aiddir. Onların coğrafi və mədəni mühiti, demək olar ki, eynidir. Bu, Azərbaycan ərazisinin böyük hissəsini əhatə edəcək və bütövlükdə Azərbaycanın dörddəbir hissəsini, eləcə də ölkənin qalan hissəsini təşkil edəcək. Həmin yenidənqurma iqtisadi inkişafa, məşğulluğa, əmək qüvvəsinin yerdəyişməsinə təkan verəcək. Bu, həmçinin əhalisi artan Bakı və Sumqayıt kimi şəhərlər üçün vacibdir. Onun çoxtərəfli müsbət təsiri olacaq. Lakin bir daha, birinci yerdə keçmiş məcburi köçkünlər və onların həyatı, onların yurdları və həyat tərzi, öz torpaqlarında layiqli yaşaması məsələsi dayanır...”.