Dekabrın 7-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.
Açılış mərasimində dövlət və hökumət nümayəndələri, Qərbi Azərbaycandan olan ziyalılar, elm və incəsənət xadimləri iştirak ediblər.
Rəssamlar İttifaqının və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən sərgidə Xalq rəssamları Hüseyn Əliyev, Kamil Əliyev, Arif Qazıyev, İsmət Axundov, Əməkdar rəssamlar Rza Avşarov, İsa Məmmədov, Nağdəli Xəlilov, Sabir Hüseynov, Saleh Məmmədov, Akif Quliyev, Xuday İbrahimov, Pərvin Quliyeva, Sevil Əhmədova, Əli İsmayıl – ümumilikdə 25 müəllifin 40-dək rəngkarlıq və rəsm əsəri nümayiş olunur.
İttifaqın sədri Xalq rəssamı Fərhad Xəlilov belə bir sərginin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Qərbi Azərbaycan İcması idarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarına qayıtmaq hüququnun beynəlxalq səviyyədə tanıdılması böyük önəm daşıyır. O diqqətə çatdırıb ki, Qərbi Azərbaycan incəsənətinin ən maraqlı nümunələri divar rəngkarlığı sahəsində öz əksini tapıb. Qərbi Azərbaycan əsilli rəssamların yaradıcılığında Vətənə məhəbbət əsas mövzulardan biridir. Sərgidə nümayiş olunan əsərlər mövzu etibarilə Vətənin gözəlliyini, tarixi abidələrini, insanların mənəvi saflığını özündə əks etdirir.