M.Füzuli adına Əlyazmalar İnstitutu İranda Təbrizin Mərkəzi Kitabxanasından XVI-XVII əsrlərdə yaşamış Azərbaycan şairi, alim və rəssamı Sadiq bəy Əfşarın yazdığı məktubların sürətini əldə edib. İnstitutun direktor müavini Paşa Kərimovun verdiyi məlumata görə, Şah Abbasın sarayında kitabxana rəhbəri olmuş Sabiq bəy Əfşarın məktublarında onun həyat və yaradıcılığı, yaşadığı dövrlə bağlı məlumat əldə etmək mümkündür. 25 məktubun 18-i türk, 7-si fars dilində yazılıb. Məktublar müəllifin dostlarına və Şah Abbasa ünvanlanıb. Məktublardan həmçinin onun memarlıq və təbiblik sahələrində də istedadı olduğu öyrənilib.
   Əlyazmalar İnstitutu Tehranın Parlament Kitabxanasından da dəyərli əsərlərin surətini əldə edib. Bu əsərlər Azərbaycan dilinə dair lüğət, şeir məcmuələri və atalar sözü toplusundan ibarətdir. Hazırda bu əsərlərin müəllifləri öyrənilir. Bunlarla yanaşı Məşhəd Kitabxanasında saxlanılan İran alimi Mirzə İbrahimin lüğətindən də maraqlı məqamlar qeydə alınıb. Belə ki, klassik şairlərdən nümunələrin yer aldığı lüğətdə XVII əsrdə yaşamış Azərbaycan şairi Qövsi Təbrizinin qeydləri yer alıb. Bu qeydlər vasitəsi ilə Q.Təbrizi barədə müəyyən məlumatları əldə etmək mümkün olub.
   
   Gülər