15-16 dekabr tarixlərində Xətai Sənət Mərkəzində “Su və rəng ahəngi – 2023” adlı ənənəvi akvarel sərgisi keçiriləcək.
Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının dəstəyi, Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (“IWS Azerbaijan”), “IWS Xətai” akvarel qalereyası və Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilən sərgidə akvarelçi rəssamların əl işləri nümayiş olunacaq.
Xətai Sənət Mərkəzindən verilən məlumata görə, sərgi çərçivəsində Türkiyənin dünyaşöhrətli akvarelçi rəssamı Atanur Doğan Azərbaycanın ərazi bütövlüyünün bərpasına həsr edilmiş və iki qardaş ölkənin dostluq və birliyinin rəmzi olaraq akvarel texnikasında ustad dərsi keçəcək. Həmçinin Azərbaycan rəssamları ilə birlikdə dostluq rəmzi olan akvarel performansı göstərəcək.
Mövzusu, texnikası və ölçüsü sərbəst olan sərgiyə ümumilikdə 100-dən çox sulu boyaçı rəssam 250-dən çox əsər təqdim edib. Əsərlər seçim heyəti tərəfindən qiymətləndirilib və 56 rəssamın 100 əsəri ekspozisiyaya daxil edilib.