AMEA-nın Rəyasət Heyətində akademiyanın Humanitar və İctimai elmlər bölmələrinin təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyevin dövlətçilik təlimində azərbaycançılıq ideyası və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.
Yığıncağı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkə başçısının “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 28 noyabr 2022-ci il tarixli Sərəncamında AMEA-nın da üzərinə vəzifələrin qoyulduğunu xatırladıb və 2023-cü ildə akademiyada bu istiqamətdə genişmiqyaslı Tədbirlər planının icra olunduğunu bildirib. Qeyd edib ki, AMEA-nın Humanitar və İctimai elmlər bölmələrinin müəssisələri tərəfindən Ulu öndərin çoxşaxəli zəngin həyat və fəaliyyəti sistemli şəkildə araşdırılaraq 40-dan çox fundamental monoqrafiya ərsəyə gətirilib və bununla da akademiyanın alimləri Əliyevşünaslığın elmi əsaslarını ortaya qoyublar.
AMEA-da “Heydər Əliyev Ensiklopediyası”nın hazırlandığını deyən akademik İsa Həbibbəyli hazırda ensiklopediyanın sözlüyünün yekunlaşmaq mərhələsində olduğunu və nəşrin 2024-cü ilin sonlarına kimi ictimaiyyətə təqdim edilməsinin planlaşdırıldığını vurğulayıb.
AMEA prezidenti həmçinin “Heydər Əliyev İli” çərçivəsində akademiyada bir çox tədbirlərin, konfransların, seminarların, sərgilərin təşkil olunduğunu, alimlərimizin Ulu öndərin irsi ilə bağlı mətbuatda geniş məqalələrlə çıxış etdiklərini diqqətə çatdırıb.
Görkəmli dövlət xadiminin xalqımız qarşısında ən böyük xidmətlərindən birinin özündən sonra siyasi varis hazırlayaraq Azərbaycanın gələcəyini də düşünməsi olduğunu deyən AMEA rəhbəri dövlətimizin Prezident İlham Əliyevin liderliyində hər biri möhtəşəm olan 20 il keçirdiyini söyləyib: “Prezident İlham Əliyevin adı Azərbaycanın çoxəsrlik tarixinə qalib Ali Baş Komandan kimi qızıl hərflərlə yazılıb. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə və 1 gündən də az çəkən antiterror tədbirləri ilə Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub və bu, Azərbaycanın tarixində nadir hərbi-siyasi hadisədir və Prezident İlham Əliyevin adı ilə bağlıdır”.
Daha sonra AMEA-nın müşaviri akademik Möhsün Nağısoylunun “Müstəqil dövlətçilik təlimində Azərbaycan dili məsələləri: Heydər Əliyevdən İlham Əliyevə”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Tehran Mustafayevin “Heydər Əliyevin ədəbiyyat təlimi və müasir dövr”, Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin “Azərbaycan incəsənətində Heydər Əliyevin bədii obrazı”, Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətlinin “Heydər Əliyevin siyasi irsində azərbaycançılıq ideyası və müasir ideoloji proseslər” və AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri tarix elmləri doktoru Ədalət Qasımovun “Heydər Əliyev və Azərbaycan Respublikasında milli təhsilin inkişafı” mövzusunda məruzələri dinlənilib.