AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərovanın “Heydər Əliyevin siyasi dilinin lüğəti” əsəri çapdan çıxıb.
İnstitutdan bildirilib ki, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş lüğət dövlət xadiminin dilindən bəhs etmək xüsusiyyətinə görə leksikoqrafiya sahəsində ilk təcrübədir.
Lüğətin sözlüyünə Ulu Öndərin nitqində politologiya, diplomatiya və hərbi sahələrə aid işlətdiyi terminlər, siyasi təşkilatların qısaltmaları və eyni zamanda, antroponimlər, toponimlər daxil edilib. Heydər Əliyev kimi tarixi şəxsiyyətin dilini öyrənmək və təbliğ etmək Azərbaycan dilçilərinin əsas vəzifələrindən biri olmalıdır. Ona görə də bir elmi yenilik kimi təqdim edilən bu lüğət Heydər Əliyevin siyasi baxışlarını, leksikasını əks etdirmək nöqteyi-nəzərindən çox maraqlıdır. Burada terminoloji leksikadan əlavə, Ulu Öndərin nitq və çıxışlarında adlarını çəkdiyi siyasi xadimlər haqqında məlumatın, tarixi-coğrafi adların, hadisə və predmetlərin şərhinin verilməsi tarixi baxımdan olduqca əhəmiyyətlidir.
Kitabın hazırlanmasında mənbə olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının “Heydər Əliyev. Elektron sənədlər toplusu”ndan istifadə edilib.