“Teatr binaları” silsiləsindən III yazı

 

Əslində, bütün səhnə sənətlərinin təməlini həvəskarlar qoyur, peşəkarlar davam və inkişaf etdirir. Sadəcə, Gənc Tamaşaçılar Teatrı Azərbaycanda o zaman yarandı ki, artıq məmləkətdə bütün teatr janrları oynanılırdı, bütün teatrlarda da peşəkar sənətçiləri çalışırdı. Ağadadaş Qurbanov isə, bu günün meyarları ilə yanaşsaq, özü elə uşaq idi, 15-16 yaşı var idi. Amma uşaq olanda nə olar? Onun təşəbbüsü ilə səhnələşdirilən Lətif Kərimlinin “Fırtına” tamaşası necə fırtına qopardısa, pioner və məktəblilərin özfəaliyyət dərnəklərinin bu işi Azərbaycanda yeni bir teatrın – Bakı İşçi Uşaq Teatrının yaranmasına təkan verdi.

1928-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə yeni bir peşəkar teatr yaradıldı. Beləliklə, məhz uşaqlar, yeniyetmələr və gənclər üçün tamaşalar qoyan teatr o dövrün milli teatr məkanındakı boşluğu doldurdu. Teatr kollektivi yaradılıbsa, deməli, onun fəaliyyəti üçün məkan da olmalıdır.

Hələliksə… Təzə teatr şəhərdəki məşhur məktəblərdən birində yerləşdirilir. Hazırda L.Tolstoy küçəsi, 195 ünvanlı 1 nömrəli orta məktəbin XIX əsrin 80-ci illərində tikilmiş binası, geniş akt salonu, idman zalı olsa da, tamaşa göstərmək üçün uyğunsuz və balaca idi. Məlum məsələdir ki, teatr bu binada məskunlaşmış tək qurum deyildi və o, bu məkanı başqa təşkilatlarla paylaşırdı. Binanın teatra uyarsızlığı hətta Bakı Uşaq Teatrının onilliyi münasibətilə Moskvada nəşr olunan “Pionerskaya pravda” qəzetindəki məqalədə də öz əksini tapmışdı. Hərçənd teatr on yaşını qeyd edərkən artıq Gənc Tamaşaçılar Teatrı (1936-cı ildən) adlanır və proletar yazıçısı Maksim Qorkinin adını daşıyırdı. Düzdür, yersizlik ucbatından teatr daha çox səyyar tamaşa oynamalı olurdu. Gənc kollektiv arada Dənizçilər klubunda da tamaşa göstərirdi.

Ümumiyyətlə, Bakı teatrlarının çox qəribə taleyi var. Bəzi binalar var ki, onların divarları arasına müxtəlif illərdə fərqli kollektivlər sığınıb. Elə də teatr var ki, məkan dəyişmə siyahısında birincidir.

Nəhayət, 1933-35 illərdə teatr indi yerləşdiyi əraziyə (ona görə ərazi deyirik ki, orada yerləşən bina çoxdan yoxdur) – Opera və Balet Teatrı ilə üzbəüz yerləşən “Kolizey” adlı binaya köçürülür. İnqilabdan əvvəl “Malı teatr” (Opera və Balet Teatrına “Böyük Opera Teatrı” deyildiyi üçün üzbəüzdəki teatrı ondan belə seçdiriblər) adlanan bu məkanda həvəskar teatr truppaları tamaşa göstərirdilər. Sonradan bina “Teamp” adlı kinoteatra çevrildi və müharibədən sonrakı illərdə söküldü.

Gənc Tamaşaçılar Teatrı isə 9 Yanvar küçəsi 8 ünvanına sığınır. Burada uyğunlaşdırılmış binada fəaliyyət göstərməyə başlayır. Yeri gəlmişkən, hazırda həmin küçə şair Xaqaninin adını daşıyır, teatr binasının yerində isə Teatr Xadimləri İttifaqının binası yerləşir. Növbəti yazılarımızda bu bina barədə söz açacağıq deyə, geniş söhbəti təxirə salırıq.

1938-ci ildə Bakıda Musiqili Komediya Teatrı yaradılır və bir ildən sonra Xalq Komissarları Sovetinin qərarı ilə Gənc Tamaşaçılar Teatrının binası yeni kollektivə verilir. Gənc Tamaşaçılar Teatrı İdman Komitəsinin yerləşdiyi binaya köçürülür. Çox keçmir ki, teatr yenidən 9 Yanvar küçəsindəki ünvana qayıdır və 1951-ci ilədək orada yerləşir. Bu illər ərzindəsə Nizami küçəsindəki hələ də köhnə adı “Kolizey” teatrı ilə tanınan sökük-salxaq bina sökülür və onun yerində belə deyək ki, dövrün tələblərinə uyğun teatr binası tikilir. 1951-ci ildə Gənc Tamaşaçılar Teatrı artıq bu gün tanıdığımız ünvanla – Nizami küçəsi, 72 ünvanındakı yeni binasına köçürülür.

Binanın təntənəli açılışı Yeni il ərəfəsinə salınır və dekabrın 30-da 7-dən 77-dək tamaşaçı kontingenti olan Gənc Tamaşaçılar Teatrı bu binada rəsmən fəaliyyətə başlayır. Memar M.Qusmanın layihəsini verdiyi binanın tamaşa salonu çox maraqlı tərzdə qurulmuşdu. 450 yerlik salonun yarısından sonra oturacaqlar antik teatr üslubunda, pilləvari yerləşirdi. Binanın xarici görünüşü o qədər də maraqlı və fərqli olmasa da, fasadın interyerində bir məqam diqqəti çəkirdi. Fasadın fronton (dam örtüyünün lap altındakı ikipilləli üst hissə) hissəsinə Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasına aid süjetli barelyef frizi yapılmışdı. Heykəltaraş Yelizaveta Tripolskayanın müəllifi olduğu bu barelyef niyə Gənc Tamaşaçılar Teatrının binasının fasadını bəzəsin ki?!

Əgər Musiqili Komediya Teatrı ilə Gənc Tamaşaçılar Teatrının bir neçə dəfə eyni məkanlarda yerdəyişməsini nəzərə alsaq, belə bir fərziyyə ağlabatan görünür: təzə bina, əslində, həmin zaman indiki Rəşid Behbudov adına Mahnı Teatrının binasında məskunlaşmış Musiqili  Komediya Teatrına veriləcəkmiş. Amma Gənc Tamaşaçılar Teatrına qismət olur.

Gənc Tamaşaçılar Teatrı bu məkanda 29 il, 1980-ci ilədək fəaliyyət göstərdi. Bina həmin ildə qəzalı vəziyyətə düşdü və söküldü. Təxminən dörd il ərzində burada keç bir iş görülmədi. 1984-cü ildə Azərbaycanın Əməkdar memarları Sənan Salamzadə və Rəhim Seyfullayevin layihəsi əsasında həmin yerdə Gənc Tamaşaçılar Teatrının indiki binasının təməli qoyuldu. Binanın tikintisi 1988-ci ilin sonlarında başa çatdı və Gənc Tamaşaçılar Teatrı növbəti ilin əvvəlində öz binasına yığışdı.

Maraqlıdır ki, 1928-51-ci ildə müxtəlif ünvanlarda fəaliyyət göstərən Gənc Tamaşaçılar Teatrı bu dəfə öz binasında neçə teatr kollektivinə sığınacaq verdi. 1990-cı illərdə yeni yaranan “Dəli yığıncağı” pantomim teatrı, Şuşadan qaçqın düşən Şuşa Dövlət Musiqili Teatrı, müstəqil “İlham” miniatür teatrı… bu binada yerləşmişdi.

Bütün binalar kimi Gənc Tamaşaçılar Teatrının binasının da zaman keçdikcə təmir və rekonstruksiyaya ehtiyacı yarandı. Prezident İlham Əliyevin 19 fevral 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Dövlət  Gənc Tamaşaçılar Teatrının binası əsaslı təmir və yenidənqurma məqsədilə bağlandı. Təmir işləri 2009-cu ilin aprel ayında başa çatdı. Təmirdən sonra teatr daha böyük qüvvə ilə işə başladı: Nazirlər Kabinetinin 19 mart 2009-cu il tarixli qərarı ilə Azərbaycan Dövlət Gənclər Teatrı, həmin ilin sentyabrında isə Bakı Kamera Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirildi. 

Bu gün Gənc Tamaşaçılar Teatrının əsas salonunda 360 tamaşaçı yeri var. Tamaşaçılar aktyorların çıxışını 6,10 metr hündürlüyündə və 10,60 metr enliyində səhnə güzgüsünün içində izləyirlər.  2013-cü ilin dekabr ayında açılan “Kiçik səhnə” adlı tamaşaçı salonunun tutumu 42 nəfərdir. Bu yığcam salon və səhnə mono və kiçik həcmli tamaşalar üçün nəzərdə tutulub.

***

Bəzən teatrsevərlər deyirlər ki, teatr binasının gözəlliyi, genişliyi, hətta səliqə-sahmanı da önəmli deyil. Təki səhnədə oynanılan tamaşa maraqlı olsun, ürəyə toxunsun, aktyor ifası diqqəti çəksin. Lakin o da var ki, tamaşadan gözlənilən bu mənəvi həzzi almaq üçün teatr məkanının rahatlığı, funksionallığı da olmalıdır.

Teatr binaları silsiləsindən yazılarımız davam edir. Növbəti ünvan...

Gülcahan Mirməmməd