– Deginən, sən öl, Həsən ağanın adamıyam.
– Sən öl, Həsən ağanın adamıyam.
– Onda gəl min boynuma. Neyniyim Həsən ağanın adamısan...
Yəqin “Evlənmək istəyirəm”, başqa adı ilə “Papaq” filmindəki bu tragikomik surət – bir tip kimi ideologiya ziyalılarının bəyənmədiyi bəylər, xanlar dövründən gələn Mirzə Səfər obrazı bir bədii əsər çərçivələrini aşan ləyaqətli insan örnəyidir. Filmdəki bir fraza – “Cənab naçalnik, yəqin elə ki, mən burdan gedəsi olduqda, papağı burda qoymayacam” özlüyündə böyük bir fikri (ləyaqətli adamlar bütün zamanlarda qalibdirlər) önə çəkir. Bu mənada o da bütün zamanlarda hamının adamı və qürurlu aktyor nəslinin nümunəsi olmağı bacardı. Dövrün reallığında, səhnə-sənət çəkişmələrində bu, elə də asan deyildi...
Bu filmin möhtəşəm aktyor ansamblı var. Amma Mirzə Səfər obrazına və onun bu fani dünya ilə alış-verişinə öz xarakterik xüsusiyyətlərini qatan Xalq artisti, Dövlət mükafatı laureatı, xarakterik rollar ustası Həsən Məmmədov bir başqa baxmışdı. Çünki ürəyində böyük məhəbbət və humanizm vardı. O, kinoda həyat verdiyi (o cümlədən səsi ilə) 100-ə qədər fərqli obraz, habelə onlarla teatr tamaşasında seçkin biçim verərək oynadığı rollarla milyonlarla tamaşaçının qəlbinə girə bilmişdi. Özü də bunun üçün dondan-dona girmədən – özü olmaqla, hər obrazının şah ifadəsini özündən verməklə.
Bu mənada nə yaxşı ki, bu sənət karvanından ilk filmindəncə tamaşaçısını ekrana kökləyən və ömrünün sonunadək peşəsinə hörmət edən və bunun sayəsində qazandığı hörməti həyatın, maddi-mənəvi, ən dərin sarsıntılarla sınadığı dönəmdə də itirməyən bir Həsən Məmmədov keçib...
Kino yaddaşımızdan Qaraş (“Böyük dayaq”), Əsgər (“Arşın mal alan”), Murad (“Bir cənub şəhərində”), Bəxtiyar (“Yeddi oğul istərəm”), Abbasqulu bəy Şadlinski (“Axırıncı aşırım”), Oqtay (“Gün keçdi”), Dədə Qorqud (“Dədə Qorqud”), Qəmərli (“Arxadan vurulan zərbə”), Nəriman (“Bizi bağışlayın”), Murad (“İstintaq”), Mirzə Səfər (“Evlənmək istəyirəm”), Ağabala (“Bağ mövsümü”), Məmmədhəsən (“Qəm pəncərəsi”), Balaş (“Sevil”), Fərman (“Qızıl qaz”), General (“Bakıda küləklər əsir” ), Qurban (“Alma almaya bənzər”), Nuru (“Doğma sahillər”), Professor Zeynallı (“Təhminə”), Əlimurad (“Həm ziyarət, həm ticarət...”) və bu kimi çoxsaylı xarakter və biçimli rollarla keçməklə özünü “heç vaxt unudulmayacaqlar” siyahısına sala bildi.
“Mənim balam, bu dünyayla oynama, Sən cavansan, dünya qoca dünyadır...” deyə-deyə kədər yüklü gözləri, təsadüfi gülüşləri, aktyor və şəxsiyyət kimi bütövlüyü ilə özündən sonra “Həsən Məmmədovdan bir də doğulmayacaq” kimi heyhat yüklü bir təəssürat da buraxdı.
Müasirlərinin, onunla tərəf-müqabil olanların dediyinə görə, rol əzbərləmək ilə elə də arası olmayan “yarımçıq fizik” çəkiliş meydançasında “Motor!” deyilən kimi bir anda obraza elə girirmiş ki, səhv dediyi replikalar belə bəzən oyuna məftun rejissorların gözündən qaçarmış. Obrazını, onun xarakterini ustalıqla duyan H.Məmmədovun aktyor cizgiləri sayəsində sənət portreti təxminən belə cızılır: psixoloji cəhətdən mürəkkəb təbəllüatlardan keçən dramatik obrazları ekranda və səhnədə məharətlə canlandıra bilib. Tamaşada və çəkiliş meydançasında təmkinli davranışı, soyuq, ancaq ifadəli aktyorluq vasitələrindən yerli-yerində istifadə edə bilməsi ilə seçilib.
Bu təyində “soyuq” təbiri məni bərk tutdu və onun kino yaddaşımdakı obrazları bir anda kadr kimi gözümdə canlandı. Bəli, nə qədər də yerində, tamamilə uyğun seçilmiş təyindir. O, bütün qəhrəmanları ilə özü arasında bir buz qatı yaradır və tamaşaçısının gözü ilə onlara baxır, yalnız bundan sonra oyunu haqqında təsəvvürə imkan “verir”. Bir aktyor kimi bu xüsusiyyəti “Bağ mövsümü”, “Qəm pəncərəsi”, “Yeddi oğul istərəm” və “Gün keçdi” filmlərindəki hamınıza məlum obrazlarında elə kəskin görünür ki, adam onun canlandırdığı tiplərlə mütləq şəkildə təkbətək qalıb, birbaşa dialoqa çəkilir. Məhz bu məqamda sən aktyorun yox, gerçək qəhrəmanın vəziyyət və ovqatını duyursan. Bu mənada H.Məmmədov mükəmməl xarakterik aktyordur və mübaliğəsiz öz nəslinin bu mənada ən seçkini sayıla bilər.
Onun həyat hekayəsinə bələd olanlar bilirlər ki, Həsən (əsl adı Əbülhəsən) Ağaməmməd oğlu Məmmədov 22 noyabr 1938-ci ildə Salyan rayonunda fəhlə ailəsində doğulmuşdu. Atasının onu “portfelli müəllim” kimi görmək arzusu ilə böyümüşdü. Fədakar atanın arzusunu reallaşdırmaq üçün Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu. İkinci kursa qədər birtəhər atasının arzularının arxasınca getməyə çalışmışdı. Ancaq bu qədərinə tablaşmış və ürəyindəki qaraqabaq oğlanın sözü ağır basmışdı.
İndiki Mədəniyyət və İncəsənət Universitetinə gəlib, burada aktyor kimi ustad sənətkarların sınağından keçərək gerçək səadətinə çatmaq üçün cəsarətli addım atmış, həyatını kökündən dəyişmişdi. Beləcə, atasının “Oğlum rahat yaşasın, rahat çörək qazansın” arzularına kinokameradan, səhnədən daha çətin çörək qazanmaqla cavab vermişdi.
1958-62-ci illərdə Mehdi Məmmədov kimi bütün zamanlar üçün nəhəng rejissorun kursunda təhsil alıb. Həmin dövrdə müəyyən fasilələrlə həzin səsi onun sənət tərcümeyi-halına Azərbaycan Radiosunda diktorluq da yazıb. Bütün həyatı boyu (müəyyən fasilələrlə) yalnız bir teatrın – özünə gah yad, gah qonaq, gah da dostları ilə təmas yeri saydığı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru olub.
Son dəfə onu teatra Həsənağa Turabov dəvət edib. Müstəqilliyin ilk illərində, kinostudiyanın, elə teatrın da çətin sınaqlardan keçdiyi o dönəmdə abrına qısılıb, işsiz-gücsüz xiffət çəkən, lakin heç bir qapını döyməyən, heç kimə ağız açmayan saç-saqqalı vaxtsız ağarmış Həsən Məmmədovu dostu, tərəf-müqabili, sözünün ağası Həsənağa rəhbəri olduğu teatra çağırmışdı və o, ömrünün sonunadək burada çalışdı.
Teatr demişkən, H.Məmmədov kinoya gəlməsəydi belə, tamaşaçıların yaddaşında seçkin teatr aktyoru kimi də qala biləcəkdi. Təsadüfi deyil ki, “Böyük dayaq” filminin rejissoru Həbib İsmayılov onu teatr tamaşasında, daha doğrusu, o vaxt televiziya ilə canlı yayımlanan tamaşada (“Toy” komediyası) görüb və filmə dəvət etmişdi. Sınaq çəkilişləri, aktyor seçimlərinin qızğın vaxtında ekrandan gördüyü qaraşın gənc rejissorun əsl axtardığı Qaraş idi.
Beləcə, böyük kinoya “Böyük dayaq” filmi ilə gələn aktyorun şöhrəti aləmə yayılır və sənət seçiminə görə ondan küsən atası ilə barışmasına səbəb olur.
Bu illərdə akademik teatrın səhnəsində “Xırs quldurbasan”da Bayram, “Xəyyam”da Həsən Sabbah, “Almaz”da Camal, “Toy”da Şeyda, “Fərhad və Şirin”də Xosrovu oynayan aktyor müəyyən fasilələrlə “Sən yanmasan...”da İnam, “Gülüstanda qətl”də İlyas İsbatov, “Hökmdar və qızı”nda Axund Mir Möhsün ağa, “İkinci səs”də Fikrət , “Qisas qiyamətə qalmaz”da Umud, “Kimdir müqəssir?”də Səhhət, “Görünməmiş toy”da Pərviz kimi rollarla da aktyor xarakterinin müxtəlif istiqamətlərdə açılmasına nail olur.
Onun aktyora lazım olan bütün zahiri və daxili parametrləri yerində idi. Səsi, baxışları, emosiyaları ilə rol üzərində qəribə bir hakimliyi vardı. Xarakterlər dəyişkənliyində cüzi qrim, ya da tamamilə qrimsiz çəkilən H.Məmmədov təbiətin ona hədiyyə verdiyi çox təbii dəyişkən üz-ifadə vasitələrinə malik idi. Çox plastik aktyor idi.
Dilindən “qadam”, “qurban sənə” sözləri düşməyən dağ təmkinli adam kulis söz-söhbətlərindən də həmişə qaçıb, qeylü-qal, mənəm-mənəmlik ona yad olub. “Həsənin adını afişada görürlər, gəlirlər” deyənlərə, onun teatra gəlişini bayram edənlərə də cavabı təxminən belə olub: “Belə zarafatlar eləməyin”...
Yəqin həm də bu kimi keyfiyyətlərinə görə (kinoekrandan da, səhnədən də tamaşaçını aldatmaq müşküldür) qısa zamanda milyonlarla tamaşaçını özünə heyran edən, sözün bütün mənalarında ümumxalq məhəbbəti qazanan aktyor kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə respublikanın “Əməkdar artisti”, 1982-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. “İstintaq” bədii filmindəki Murad roluna görə SSRİ, “Birisigün gecəyarısı” kinolentindəki Baba Əliyev obrazına görə isə Azərbaycan SSR Dövlət mükafatları ilə təltif edilib. 1970-ci ildə “Yeddi oğul istərəm” filmindəki Bəxtiyar roluna görə Respublika Lenin Komsomolu mükafatı laureatı olan aktyor öz dövrünün məhsuldar, ən arzuolunan, ən çox çəkilən, demək olar ki, bütün rejissorların işləmək istədiyi seçkin aktyor idi.
Ürəyiyumşaq, ürəyiaçıq, ürəyəyatımlı – hər işi ürəkdən görüb, kimsənin ürəyinə xal salmayan, hər şeyi böyük qəlbinə salıb, dərdə köklənib tez qocalan Həsən Məmmədov ona verilən qısa ömrün son illərini də ürəyi ilə sınaqda yaşadı. Xəstəlikdən əziyyət çəkə-çəkə kinosuzluq xiffəti ilə teatrda, səhnədə təsəlli tapdı. Bir zamanlar yenidən qaynar həyatına dönəcəyi arzuları ilə kinostudiyanın boş dəhlizlərində, səssiz həyət-bacasında gəzə-gəzə bir dubla çəkilən son rolunu oynadı. 2003-cü il avqustun 26-da – 65 yaşında İkinci Fəxri xiyabanda özünə əbədi məkan tapdı.
Tapdı ki, anadan olmasının səs-küysüz, təmtəraqsız keçən 85-ci ildönümündə belə onu sadə, səssiz və böyük məhəbbətlə sevənlərin qəlbindəki yerini heç kim tutmasın...
Həmidə Nizamiqızı