Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1999-cu il 20 mart

 

Heydər Əliyev Prezident Sarayında tanınmış fransız modelyeri Pako Rabanı qəbul edib.

“Sizin bu səfəriniz də yəqin ki, Azərbaycana marağınızın nəticəsidir. Hesab edirəm ki, burada öz modalarınızı, öz işlərinizi nümayiş etdirməyiniz Azərbaycanda bu sahənin inkişafına yardım göstərəcəkdir...”.

 

1999-cu il 21 mart

 

Novruz bayramı münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində iştirak edib.

 

1999-cu il 4 aprel

 

“Bakılı oğlanlar” ŞHK komandasının konsertində olub. Konsertdən sonra kollektivlə səhnə arxasında görüşüb.

“...Görürəm ki, tədricən inkişaf edirsiniz. İndi bilmirəm - siz KVN-siniz, yoxsa satira və yumor truppasına çevrilmiş yaradıcılıq qrupusunuz... Hər halda, siz KVN səviyyəsindən qalxıb inkişaf etmisiniz və sanballı teatr-konsert ansamblına çevrilmisiniz. Sizin əsas istiqamətiniz satira və yumordur. Bu isə yəqin ki, indi cəmiyyətimizə hər şeydən çox gərəkdir. Yəqin buna görə də çıxışlarınızın məzmunu və mənası kimi, yaradıcılığınızın janrı da tamaşanızı çox cazibədar edir...”.

 

1999-cu il 8 aprel

 

“Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının növbəti iclasında nitq söyləyib.

“...Biz son onilliklərdə Azərbaycanda tariximizin görkəmli səhifələrini yad etmək, tariximizi bugünkü və gələcək nəsillərə daha da geniş anlatmaq, xalqımızın, millətimizin tarixini dünyaya nümayiş etdirmək məqsədi ilə bir çox yubiley mərasimləri keçirmişik...

1947-ci ildə Nizami Gəncəvinin 800 illik yubileyi keçirildi. Xatırlayın, o vaxta qədər tədqiqatçılardan, alimlərdən, yazıçılardan və mədəniyyətlə, ədəbiyyatla məşğul olan adamlardan başqa, ölkəmizdə Nizami bu qədər tanınırdımı... Dünya tanıyırdımı ki, Azərbaycanın Nizami Gəncəvi kimi böyük bir şairi, mütəfəkkiri var? Təsəvvür edin, əgər 1947-ci ildə bu yubiley keçirilməsəydi, Nizaminin əsərləri o vaxt Azərbaycan dilinə tərcümə olunmasaydı, kitabları nəşr edilməsəydi, portreti yaranmasaydı, heykəli qoyulmasaydı, Nizaminin adı əbədiləşdirilməsəydi və 1947-ci ildən sonra Nizaminin adı dünyaya geniş yayılmasaydı, Azərbaycan tarix, mədəniyyət, elm cəhətdən bu qədər zəngin olacaqdımı?

...1973-cü ildə Nəsiminin 600 illiyini keçirəndə Nəsimi bu qədər tanınmış bir şair idimi? Biz Nəsimini dünyaya tanıtmaqla Azərbaycanı yenidən tanıtdıq. O vaxtlar respublikamız müstəqil olmasa da, biz onun əsərlərini nəşr etdirdik, başqa dillərə – ingilis, fransız dillərinə tərcümə etdirdik, yaydıq.

Biz Füzulinin 500 illiyini keçirdik. Həmin yubileyi xatirinizə salın – bütün Türk dünyasından nümayəndələr Azərbaycana yığıldı...

Mən bunları ona görə deyirəm ki, bu yubileylərin, o cümlədən “Kitabi-Dədə Qorqud” dastanının yubileyinin keçirilməsi ilə əlaqədar tədbirlərimizi anlamayanlar, yaxud da onu qəsdən anlamaq istəməyənlər... hamısı başa düşsünlər ki, biz bütün bunları millətimiz, xalqımız üçün, müstəqilliyimizi və tarixi keçmişi, köklərimizi bir daha sübut etmək üçün edirik.

Əgər nəzərə alsaq ki, bizə düşmən olan bəzi ölkələr, xalqlar sübut etmək istəyirlər ki, “Azərbaycan xalqının dərin kökü, tarixi yoxdur”, erməni millətçiləri daim təbliğ edirlər ki, “bunlar köçəri xalqdır, onların heç keçmişi olmayıbdır” ... bu tədbirlərimizin nə qədər əhəmiyyəti olduğunu görərik. Azərbaycanın tarixində indiyədək keçirilmiş bütün yubiley mərasimlərindən “Kitabi-Dədə Qorqud” dastanının yubileyi daha əhəmiyyətlidir, vacibdir.

Bunun əhəmiyyəti bir də ondan ibarətdir ki, biz artıq böyük Türk dünyası, türk xalqları, türkdilli xalqların ümumi kökləri, müştərək mədəniyyəti, tarixi haqqında danışırıq. Bunları böyük tarixi şəxsiyyətlərin yaradıcılığı əsasında edirik. Məsələn, biz qırğız eposu “Manas”ın 1000 illik yubileyini birlikdə qeyd etdik... Türkdilli ölkələrin dövlət başçıları oraya toplaşdıq. Hamımız birlikdə sübut etdik ki, bəli, bizim xalqlarımızın qədim kökü və bu xalqların müştərək tarixi, mədəniyyəti vardır. “Dədə Qorqud” dastanının yubileyi bu baxımdan böyük siyasi əhəmiyyət daşıyır. Təsadüfi deyildir ki, mən türkdilli ölkələrin dövlət başçıları ilə “Dədə Qorqud” dastanının yubileyinin Azərbaycanda keçirilməsi haqqında danışarkən bunu izah etməyə ehtiyac duyulmadı. Onların hər biri dedi ki, bu, bizim hamımızındır, bu yubileyi hamımız bir yerdə böyük məmnuniyyətlə qeyd etməliyik.

Yəni “Dədə Qorqud” dastanı bizi bu gün eyni zamanda birləşdirir, bir-birimizə yaxınlaşdırır. Birləşməyə də ehtiyac vardır...”.

Qeyd edək ki, “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyi 1999-cu ilin 14-15 iyun tarixlərinə nəzərdə tutulmuşdu. Lakin aprelin sonunda Heydər Əliyevin ürəyindən əməliyyat olunması, daha sonra (avqust) Türkiyədə dəhşətli zəlzələ baş verməsi və digər obyektiv səbəblərdən ertələndi və 2000-ci ilin aprelində keçirildi.

 

1999-cu il 14 aprel

 

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında görkəmli alim, akademik Zərifə Əliyevaya həsr edilmiş kitab-albomunun təqdimat mərasimində iştirak edib.

 

1999-cu il 15 may

 

Klivlend şəhərində (ABŞ) ürəyindən cərrahiyyə əməliyyatından (29 aprel) sonra müalicəsini davam etdirdiyi “Omni” hotelində onu ziyarətə gəlmiş müğənni Yaqub Zurufçu ilə görüşüb. Söhbətdən sonra Y.Zurufçu müəllifi olduğu “Ayrılıq” mahnısını ifa edib.

“...“Ayrılıq” mahnısını Yaqub Zurufçudan başqa ikinci bir oxuyan yoxdur... Siz həmişəki kimi, bəlkə də daha gözəl ifa etdiniz. Təşəkkür edirəm. Həm oxumağınıza, həm də mənə göstərdiyiniz hörmət və ehtirama görə. Amerikada yaşayan soydaşlarımıza mənim salamımı çatdırmağınızı xahiş edirəm...”.

Hazırladı: V.Orxan

(davamı var)