Tofiq Ağababayevin yubiley sərgisi
Milli İncəsənət Muzeyində çox qələbəlikdir. İnsan axınından sərgi zalına çətinliklə keçirəm. Bir çoxları rəsmi hissənin ardınca ekspozisiya ilə tanış olmaq üçün foyedə gözləyir...
Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə dekabrın 8-də “Şöhrət” ordenli Xalq rəssamı Tofiq Ağababayevin 95 illik yubileyi münasibətilə “Zamanla dialoq” adlı sərginin açılış mərasimi keçirildi. Gül dəstələri, çiçək səbətləri yubilyar rəssamın sərgisini al-əlvan rənglərə boyamışdı.
Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək yubilyarın həyat və yaradıcılığından söz açdı. Bildirdi ki, Tofiq Ağababayev 1928-ci il sentyabrın 8-də Bakıda hərbçi ailəsində anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 1952-ci ildə indiki Sankt-Peterburq Rəssamlıq Akademiyasına daxil olur və şüşə-keramika ixtisasına yiyələnir. Dekorativ, monumental rəngkarlıq janrlarında bir-birindən fərqli əsərlər yaradır.
Tofiq Ağababayev monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində diqqətəlayiq əsərlər yaradıb. Keramikadan “Azərbaycan lirikası” triptixi, “Azərbaycan sirki” mozaik lövhəsi, həmçinin “Abşeron qoruğu”, “Bakı nefti cəbhəyə”, “Meşəbəyi”, “Torpağın nəfəsi”, “May, 1945-ci il, Bakı” və s. dekorativ əsərləri xüsusilə diqqəti cəlb edir. 1966–68-ci illərdə paytaxtımızın baş rəssamı vəzifəsində çalışan sənətkar Bakının simvolik açarını da hazırlayıb.
Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov sənətkarı özünəməxsus şəkildə təbrik etdi. Uzaq illərin xatirələrini yada salıb dəniz qırağında sənət dostları ilə birlikdə qızğın yaradıcı söhbətlərdən bəhs etdi, yubilyarın zamanın sınağından çıxan əsərlərə imza atmasından danışdı.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev həm özünün, həm də bir çox həmkarlarının həyat və yaradıcılığında Tofiq Ağababayevin müsbət mənada əvəzsiz rolu olduğunu dedi: “Tofiq müəllim bu gün də sənətin sirlərini həvəslə tələblərə öyrədir. O, sənətdə öz sözünü demiş rəssam olsa da, hər dəfə müzakirə olunmaq üçün əsərlərini elmi şuraya sevə-sevə çıxarar və kollektivin də rəyini öyrənməyə can atar, fikriləri soruşar...”.
Çıxışlardan sonra yubilyar rəssam qonaqlara və sənətsevərlərə təşəkkürünü bildirdi, hər kəsi sərgi ilə tanış olmağa dəvət etdi.
Ekspozisiyada müəllifin Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və “Xəzər” muzey mərkəzinin kolleksiyasında yer alan rəngkarlıq, qrafika, eləcə də şüşə və keramikadan yaradılmış əsərləri nümayiş olunur.
Şah İsmayıl Xətai, Əliağa Şıxlinski, Məhəmməd Füzuli, İlyas Əfəndiyev, Rasim Babayev, İzzət Orucova kimi görkəmli şəxsiyyətləri portretləri, Abşeron mənzərələri, zəngin dekorativliyə və rəng həllinə malik folklor motivli tablolar sənətkarın 1950-ci illərdə başlanan uzun, çoxşaxəli yaradıcılıq yolunun ayrı-ayrı mərhələlərini dolğun şəkildə izləməyə imkan verir.
Sərginin maraqlı məqamlarından biri də rəssamın yubiley münasibətilə verdiyi müsahibələrinin videoyazısının monitor vasitəsilə təqdim olunması idi.
Çoxsaylı təbriklər fonunda rəssam həm qonaqların əsərlərlə bağlı suallarını cavablandırır, həm də onlarla şəkil çəkdirməyə imkan tapırdı...
Bir sözlə, həmin gün qonaqlar da, yubilyar da məmnun qaldı. Çünki 95 yaşlı rəssamın zamanla dialoqu çox yüksək səviyyədə baş tutmuşdu. Sizlər də bu dialoqa şahidlik etmək istəsəniz, gələn il yanvarın 10-na kimi açıq olacaq sərgini ziyarət edə bilərsiniz.
L.Azəri