Səməd Vurğunun evində Rəsul Həmzətov yad olundu

 

Dağıstanın Xalq şairi, Azərbaycan ədəbiyyatının dostu Rəsul Həmzətovun anadan olmasının 100 illiyi dekabrın 7-də Səməd Vurğunun Ev-Muzeyində “Salam, əziz dostum” adlı ədəbi-bədii gecə ilə qeyd edildi.

Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin birinci katibi Pavel Kuznetsov, Sergey Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzinin direktoru filologiya elmləri doktoru Natəvan Mustafayeva, Dağıstan Respublikasının Bakıdakı nümayəndəliyinin əməkdaşları iştirak edirdi. 

Gecəni giriş sözü ilə muzeyin direktoru Vurğun Vəkilov açaraq görkəmli şairi Azərbaycanla bağlayan qırılmaz tellərdən danışdı. Bildirdi ki, Rəsul Həmzətov şeirlərində dəfələrlə xalqlarımızın dostluğunu tərənnüm edib. O, Azərbaycanın Xalq şairi Səməd Vurğunu özünün böyük dostu və müəllimi adlandırıb. Rəsul Həmzətovun  yaradıcılığına sevgi və ehtiram bu gün də azərbaycanlıların qəlbində yaşayır.

“Günay” uşaq teatrının direktoru Larisa Tarasova da görkəmli şairin Azərbaycana dost münasibətindən danışdı. Bildirdi ki, o hələ gənclik illərində Azərbaycana sevgi hissləri ilə dolu şeirlər yazdığını çıxış və xatirələrində həmişə dilə gətirərdi. Rəsul Həmzətovun şeirlərinə populyar mahnılar bəstələnib. O, Dağıstan şairi olsa da, Azərbaycana, onun xalqına və poeziyasına sıx bağlı olub.

Çıxışlardan sonra bədii hissəyə keçildi. “Günay” teatrının balaca artistləri  R.Həmzətovun əsərləri əsasında kompozisiyalarla çıxış etdilər. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri şairin Səməd Vurğuna həsr etdiyi “Əziz dostum” şeirinə bəstələnmiş musiqi əsərini səsləndirdilər. “Tərəqqi” texniki-humanitar liseyi, 160 nömrəli klassik gimnaziya, Bakı Avropa liseyi, 203, 245, 150, 17, 23, 27, 23, 189 məktəblərin şagirdləri də şairin şeirlərini söylədilər.

S.Fərəcov