Əməkdar rəssam Əsgər Məmmədovun sərgisi
Moskvadakı M.İ.Rudomino adına Rusiya Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın və Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun “Nar dastanı” adlı sərgisi keçirilib.
Dekabrın 9-da açılan sərgi “MDB ölkələrinin mədəniyyətlər ulduzu” festivalı çərçivəsində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Moskvadakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub. Milli koloritli natürmortların, portretlərin nümayiş olunduğu sərgidə xüsusi yer tutan nar rəsmlərində fəlsəfə ilə poeziyanın harmoniyası əksini tapıb.
Sərginin açılışında çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, Əsgər Məmmədov Qarabağda dünyaya göz açmış və Qarabağ münaqişəsinin bütün çətinliklərini yaşamış bir insandır: “Təəssüf ki, Əsgər Məmmədov böyük faciə ilə üzləşmişdi. Onun Qarabağdakı evi yanmış və bütün əsərləri də məhv olmuşdu. Buna baxmayaraq o, güclü iradə nümayiş etdirib, xeyirin şərə qalib gələcəyinə hər zaman inanıb. Əsgər Məmmədov artıq çox illərdir Moskvada yaşayır və Azərbaycana, Qarabağa həsr olunmuş rəsm əsərləri ilə bizi sevindirir”.
Diplomat Rusiyada geniş mədəniyyət layihələri həyata keçirən Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, “Heydər Əliyev İli” Rusiya Federasiyasında da geniş şəkildə qeyd olunur. Görkəmli dövlət xadimi Heydər Əliyev iki ölkənin dostluq və mehribanlıq şəraitində yaşaması üçün çox işlər görüb.
M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin və digər çıxış edənlər sərgi haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, Əsgər Məmmədovun əl işlərində mənzərə, natürmort, portret və qrafika üslubuna rast gəlmək olar. Bununla yanaşı, rəssamın əsərlərində Azərbaycan folklorunun, çoxəsrlik miniatür sənətinin təsiri sezilir.
Sonda Əsgər Məmmədov sərginin təşkilinə görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə və onun yaradıcılığına maraq göstərərək sərgini ziyarət edən hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, “MDB ölkələrinin mədəniyyətlər ulduzu” festivalının proqramı film nümayişləri, konsertlər, milli sənətkarlıq üzrə ustad dərsləri, şeir qiraətləri, rəsm sərgiləri kimi silsilə tədbirləri əhatə edib. Festival çərçivəsində dünyaca məşhur qırğız yazıçısı Çingiz Aytmatovun 95 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili gecə də təşkil edilib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu festivalın açılışında çıxış edib. O, Azərbaycan rəhbərliyinin zəngin mədəni irsimizin qorunub saxlanılması və dünyada təbliğinə diqqət və qayğısından, ölkəmizin işğaldan azad edilmiş ərazilərində həyata keçirilən quruculuq işlərindən, Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoq platformasına çevrilməsindən söz açıb.
Polad Bülbüloğlu çıxışının sonunda Səməd Vurğunun “Azərbaycan” şeirindən bir parçanı oxuyub.