2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyəyə səfər edən əcnəbi vətəndaş sayı 50,2 milyon nəfər olub. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,58 faiz çoxdur. Cari ilin 10 ayında ölkənin turizm gəlirləri 42 milyard dollar təşkil edib ki, bu da ötən ilə nisbətən 20 faizlik artım deməkdir.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Ersoy bu rəqəmləri Antalyada keçirilən 13-cü Beynəlxalq Kurort Turizm Konqresində diqqətə çatdırıb.
Türkiyənin turizmdə dünyanın super liqasında olduğunu vurğulayan nazir ölkənin 2028-ci ilədək qarşıya daha yüksək hədəflər qoyulduğunu deyib. Ölkəyə daha çox turist cəlb etmək və turizm gəlirlərini yüksəltmək məqsədilə 2019-cu ildə Türkiyə Turizm Təbliğ və İnkişaf Agentliyinin (TGA) yaradıldığını xatırladan M.Ersoyun sözlərinə görə, qurum bir çox uğurlu layihəyə imza atıb.
O cümlədən 2021-ci ildə İstanbulda başladılan “Mədəniyyət Yolu Festivalları” layihəsi bu il daha geniş şəkildə həyata keçirilib. “Cümhuriyyətin 100-cü ilində 100 gündə 11 festival” şüarı ilə realaşan layihə üzrə 2023-cü ilin əvvəlindən 85 ölkədən media nümayəndəsi, influencer və turoperatorlar – ümumilikdə 6257 nəfər Türkiyənin 73 şəhərində keçirilən 424 müxtəlif tədbirdə iştirak edib. Ümumilikdə isə “Mədəniyyət Yolu Festivalları” çərçivəsində 11 vilayətdə 400-ə yaxın məkanda 5 mindən çox tədbir təşkil edilib. Hər il 5 şəhəri şəbəkəyə daxil etməklə festivalların əhatə dairəsini genişləndirəcəklərini bildirən nazir 2028-ci il üçün hədəfin 35 şəhər olduğunu deyib.
Qastronomiyanın ən əhəmiyyətli turizm məhsullarından olduğunu vurğulayan M.Ersoy 2022-ci ildə İstanbulun, 2023-cü ildə isə İzmir və Bodrumun dünyanın ən reytinqli restoranlarının siyahısını tərtib edən “Mişel Bələdçisi”nin (Fransanın avtomobil təkəri markası olan “Michelin” tərəfindən 1920-ci ildən tərtib edilir – red.) seçiminə girdiyini bildirib. Bələdçiyə Türkiyədən ümumilikdə 111 restoranın salındığını diqqətə çatdıran nazir yaxın illərdə Antalya restoranlarının da bu sırada yer alacağına inandığını deyib.