Xəbər verdiyimiz kimi, 3-9 dekabr tarixlərində Botsvananın Kasane şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyası keçirilib.

Sessiyada UNESCO-nun müvafiq siyahılarına daha 55 element daxil edilib. Bununla təşkilatın siyahılarındakı qeyri-maddi mədəni irs nümunələrinin ümumi sayı 730-a (145 ölkə üzrə) çatıb.

Yeri gəlmişkən, sessiyada Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilən çoxmillətli nominasiyalardan 4-ü Azərbaycanın da mədəni irsi ilə bağlıdır. Bunlar “Təzhib sənəti” (Azərbaycan, İran, Tacikistan, Türkiyə, Özbəkistan), “İftar və onunla bağlı sosial-mədəni ənənələr (Azərbaycan, İran, Türkiyə, Özbəkistan), “Sədəf sənəti” və “Balaban sənətkarlığı və ifaçılıq sənəti” (hər ikisi Azərbaycan və Türkiyə) nominasiyalarıdır.

Komitənin iclasında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Konvensiyasının 20 illik yubileyi də qeyd olunub. 2003-cü ildə qəbul olunan və 2008-ci ildə qüvvəyə minən konvensiya hazırda 181 iştirakçı dövlət tərəfindən ratifikasiya olunub.

Komitə həmçinin iki beynəlxalq yardım qrantı (Zimbabveyə 321300, Paraqvaya 74500 dollar) ayırıb. Bildirilir ki, konvensiya qüvvəyə minəndən bu yana UNESCO 70-dən çox ölkədə ümumi məbləği 12 milyon dollar olan 140-dan çox mühafizə layihəsini maliyyələşdirib.

Onu da qeyd edək ki, Hökumətlərarası Komitənin növbəti sessiyası 2024-cü ilin dekabrında Paraqvayda keçiriləcək.