Xəbər verdiyimiz kimi, iyunun 10-dan 12-dək Bakıda Dünya Turizm Təşkilatının dəstəyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə turizm statistikası mövzusunda növbəti regional seminar keçirilib.
Azərbaycan, Gürcüstan, Qazaxıstan, Moldova, Rusiya, Özbəkistan və Belarus təmsilçilərinin iştirak etdiyi seminarda turizm sahəsi üzrə dəqiq statistikanın hesablanması məsələləri müzakirə olunub.
Tədbir iştirakçısı olan belaruslu ekspert Vladimir Marxonko qəzetimizə açıqlamasında bu seminarların təşkilinə görə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi. Bu qəbildən seminarların artıq üçüncü dəfə keçirildiyini deyən qonağın sözlərinə görə, digər sahələr kimi, turizm sahəsi üçün də dolğun və səlis statistikaların toplanması çox əhəmiyyətlidir: «Turizm sahəsində əldə olunmuş nəticələrin hesablanması dəqiq statistik məlumatların təhlilindən asılıdır. Digər sahələrdə olduğu kimi, statistika elminin inkişafı da ən qabaqcıl təcrübə üzərində qurulmalıdır».
Bakıya ikinci dəfə gəldiyini vurğulayan Belarus təmsilçisi qeyd etdi ki, Azərbaycan bir turizm ölkəsi kimi onun çox xoşuna gəlib: «Ötən seminarda iştirakım zamanı ölkənizlə ilk dəfə tanış oldum. Ona qədər Azərbaycan haqqında dostlarımdan və həmkarlarımdan eşitmişdim. Azərbaycanın belə gözəl ölkə olduğunu təsəvvür etmirdim. Eşitdiyimə görə, paytaxt Bakı ilə yanaşı regionlarınız da çox gözəldir. Yəqin növbəti dəfə bölgələrinizi də görmək imkanım olar. Budəfəki səfərimdə isə Bakıətrafı turizm məkanlarını gəzə bildim. İçərişəhər, Qobustan çox xoşuma gəldi”.
Fəxriyyə