Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.

“Azərbaycan sistemli olaraq iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni dəstəkləyir və enerji səmərəliliyi ilə bağlı tədbirlər görür. Təmiz ətraf mühit və yaşıl inkişaf bizim milli prioritetlərimizdir. COP29-a 2024-cü ildə ev sahibliyi etməyimiz iqlim dəyişikliklərinə qarşı mübarizə üzrə qlobal səylərə öz töhfəmizi vermək qətiyyətimizdən irəli gəlir. Azərbaycanın namizədliyinə verilən dəyərli dəstəyə görə bütün ölkələrə səmimi təşəkkürümü bildirirəm”, – deyə paylaşımda bildirilir.

Qeyd edək ki, COP-a ev sahibliyi BMT-nin regional qrupları arasında rotasiya edilir. COP29-a ev sahibliyi müvafiq rotasiya qaydası üzrə Şərqi Avropa qrupuna daxil olan ölkəyə keçməli idi. Qrup daxilində əldə olunan razılığa əsasən, 2024-cü ildə bu mötəbər tədbir Azərbaycanda, Bakıda təşkil olunacaq.

Bununla bağlı qərar dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında verilib.

Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bugünkü uğurumuzda həlledici rol oynayıb.

Azərbaycanı dəstəkləmək qərarına görə Şərqi Avropa Qrupu dövlətlərinə dərin minnətdarlığını ifadə edən M.Babayev deyib ki, zəngin mədəni irsə malik ölkəmizin ev sahibliyi edəcəyi COP29-un dünya ictimaiyyətinin dövrümüzün aktual problemlərinin həlli istiqamətində bir araya gəlməsi üçün mühüm mərhələ olacaq.

Sonra Azərbaycanın mədəniyyətini, tarixini, təbiətini və qazandığı uğurları əks etdirən videoçarx nümayiş olunub.

COP28-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd əl-Cabir COP-un növbəti konfransının Azərbaycanda keçiriləcəyini elan edib.

Qeyd edək ki, 2024-cü il COP29-a ev sahibliyi üçün Şərqi Avropa regional qrupundan Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb.

Beləliklə, Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.

Azərbaycanın dünyanın mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin növbəti təntənəsidir. Bu, BMT Təhlükəsizlik Şurasına üzvlüyümüz və Qoşulmama Hərəkatına sədrliyimizdən sonra xarici siyasətimizin ən böyük uğurudur.

Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonn şəhərində (Almaniya) yerləşir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.