Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Ramiz Məlik 14 dekabr 2023-cü il tarixində, 80 yaşında vəfat edib.
Ramiz Ağarza oğlu Məlik 1943-cü il avqustun 4-də Bakı şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən taleyini Akademik Milli Dram Teatrına bağlayıb, aparıcı səhnə ustası kimi tanınıb.
Ramiz Məlik ötən illər ərzində bu sənət ocağının səhnəsində dünya və milli dramaturgiya nümunələri əsasında hazırlanmış tamaşalarda 100-ə yaxın rolda uğurla çıxış edib. Marsel (“Hamlet”, V.Şekspir), Mayis (“Sevgililərin cəhənnəmdə vüsalı”, İ.Əfəndiyev), Valter (“Yad adam”, L.Frank), Arif (“İblis”, H.Cavid ), Jan (“Dəfn edilməmiş ölülər”, J.P.Sartr), Toğrul (“Atabəylər”, N.Həsənzadə), Antoni (“Kölgələrin oyunu”, Y.Edlis), Katib (“Gecə döyülən qapılar”, N.Xəzri), Dulu Xaqan (“Özümüzü kəsən qılınc”, B.Vahabzadə), Vilyams (“Kəllə”, N.Hikmət), Qaçaq Süleyman (“Ölüləri qəbiristanlıqda basdırın”, İ.Şıxlı), Aqşin (“Od gəlini”, C.Cabbarlı) və s. yaddaqalan səhnə obrazları yaradıb.
R.Məlikin yaradıcılıq məharəti televiziya və kino sahəsində də diqqət çəkib. “O qızı tapın”, “Qatır Məmməd”, “Sevinc buxtası”, “Babək”, “Qəm pəncərəsi”, “Qara gölün cəngavəri” və s. bədii filmlərində, “Günahsız Abdulla” (M.Cavaxaşvili), “Kimin sualı var?” (N.Həsənzadə) “İnanmırsansa…” (Ə.Hacızadə) və s. televiziya tamaşalarında yaddaqalan rollar oynayıb.
Milli teatr və kino sənəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilən sənətkar 1982-ci ildə “Əməkdar artist”, 1998-ci ildə “Xalq artisti” fəxri adlarına, 1984-cü ildə respublikanın Dövlət mükafatına (“İblis” tamaşasına görə; yaradıcı heyətin bir qrup üzvü ilə birlikdə), 2019-cu ildə “Şöhrət” ordeninə, 2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Görkəmli sənət fədaisi, səmimi insan Ramiz Məlikin əziz xatirəsi sənət dostarı və tamaşaçılarının qəlbində yaşayacaq.
Mədəniyyət Nazirliyinin kollektivi sənətkarın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.
***
Dekabrın 14-də Xalq artisti Ramiz Məliklə vida mərasimi keçirilib. Heydər məscidində təşkil olunan mərasimdə aktyorun ailə üzvləri, sənət dostları, Mədəniyyət Nazirliyinin təmsilçiləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifəsini icra edən Xalq artisti Hacı İsmayılov jurnalistlərə açıqlamasında Ramiz Məliklə bir çox tamaşalarda tərəf-müqabil olduğunu xatırlayıb: “Ramiz Məliki başqa sənətkarlardan fərqləndirən onun kübarlığı idi. Çox dözümlü, iradəli adam idi və uzun müddət xəstə olmasına baxmayaraq, ümid edirdi ki, sağalacaq, yenidən səhnəyə qayıdacaq. Təəssüf ki, bu, mümkün olmadı...”.
Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə bildirib ki, Ramiz Məlikin xatirəsi əbədi olaraq onu sevənlərin yaddaşlarında qalacaq.
Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev də Ramiz Məlikin hər zaman tamaşaçıların sevimlisi olduğunu, rolları ilə seçildiyini, səhnədə emosional, fərqli obrazlar yaratdığını diqqətə çatdırıb: “Bizim Ramiz müəllimlə yaxşı münasibətimiz olub. Bir aktyor kimi onu çox sevmişəm. Bu gün onu son mənzilə yola salırıq. Allah rəhmət eləsin”.
Əməkdar artist Ayşad Məmmədov mərhum sənətkarla ilk dəfə Hüseyn Cavidin yubileyi münasibətilə keçirilən tədbirdə eyni səhnəni bölüşdüyünü deyib: “O, Hüseyn Cavidi, mən isə Arif obrazını oynayırdım. O da vaxtilə Arif rolunu oynamışdı. Buna görə sonralar zarafatla məni Arif deyə çağırırdı... Ruhu şad olsun”.
Vida mərasimindən sonra Ramiz Məlik II Fəxri xiyabanda dəfn edilib. Sənətkarın məzarı üzərinə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından, eləcə də Mədəniyyət Nazirliyinin, Akademik Milli Dram Teatrının adından əklillər qoyulub.