Turizm İnstitutunu fərqlənmə diplomu ilə bitirən Nərgiz Ələkbərova: “Orta məktəbdə də, institutda da hamıya eyni dərs keçilir. Yalnız çalışmaqla uğur əldə etmək mümkündür”
   
   Xəbər verdiyimiz kimi, bu il Azərbaycan Turizm İnstitutunun (ATİ) magistr pilləsini bitirən Nərgiz Ələkbərova təhsil ocağının tarixində ilk dəfə fərqlənmə diplomu alıb. Tərcümə ixtisası üzrə magistr olan Nərgiz bu günlərdə qəzetimizin qonağı oldu. Onunla arxada qalan təhsil illəri, gələcək planları haqda danışdıq.
   
   Nərgiz Ələkbərova əslən Gürcüstan azərbaycanlılarından olsa da, sonradan valideynləri ilə birlikdə Bakıya köçüb və orta məktəbi də burada oxuyub. Bakalavr təhsilini Bakı Slavyan Universitetində alıb, rus-ingilis dilləri üzrə tərcümə ixtisasını fərqlənmə diplomu ilə bitirib: “Həmin il ingilis dili üzrə İELTS sertifikatı aldım. Fikrim təhsilimi xaricdə davam etdirmək idi. Bacımla birlikdə Britaniyada Qlazqo Universitetinə daxil olmuşduq. Lakin ballarımız məlum olanda tender bağlanmışdı. Ona görə də ora oxumağa gedə bilmədik. Magistraturaya da bu səbəbdən gecikdim, həmin ili sənəd verə bilmədim. İkinci il imtahan verib yüksək balla Azərbaycan Turizm İnstitutunun tərcümə ixtisasına daxil oldum».
   Nərgiz magistraturaya daxil olan ili ailə də qurub. Lakin bu onun təhsil almasına mane olmayıb: «Turizm İnstitutunda dərsə davamiyyət, imtahanların gedişi və s. məsələlərdə ciddi qayda-qanun var. Təhsil müddətində burada təşkil edilən bələdçi kurslarının dinləyiciləri ilə birlikdə Bakı ətrafı tarixi-mədəni abidələrə ekskursiyalarda da iştirak edirdim. Dərslərdə maksimum nə isə öyrənməyə çalışırdım. Magistraturada oxuduğum müddətdə ana oldum. Amma bu mənim dərsə davamiyyətimə və oxumağıma elə də təsir etmədi”.
   
   “Hotellərdə işləməyə böyük həvəsim var”
   
   Həmsöhbətimiz indiyə qədər təhsil sahəsində əldə etdiyi uğurlara görə ilk növbədə valideynlərinə borclu olduğunu deyir: «Onlar mənə hər zaman dayaq olublar. Hələ uşaqlıqdan bizə öyrədiblər ki, ya əla qiymət, ya da heç nə. Ona görə də mən həmişə çalışmışam ki, yüksək nəticə əldə edim. Bəzən deyirlər ki, filankəs ali təhsillidir, amma iş tapa bilmir. Hər şey insanın özündən asılıdır. Məncə, orta məktəbdə də, institutda da hamıya eyni dərs keçilir. Sadəcə, kim istəyir, oxuyur, kim də istəmir, oxumur. İnsan öz ixtisasını lazımi səviyyədə öyrənsə, onun üçün iş tapmaq heç vaxt problem olmayacaq. Yalnız çalışmaqla uğur əldə etmək mümkündür. Bu, iş həyatında da belədir”.
   Nərgiz Ələkbərova Turizm İnstitutunda ilk fərqlənmə diplomu alan məzun olsa da, hələlik iş dəvəti almayıb. Bunun səbəbini də onunla izah edir ki, ixtisası birbaşa turizm sahəsi ilə bağlı deyil. Amma bu sahəyə sonsuz marağı var. Məhz buna görə magistratura pilləsində təhsil almaq üçün ATİ-ni seçib: «Turizm İnstitutunda məni cəlb edən daha çox burada Avstriyanın Krems Universiteti ilə proqram əsasında dərs keçilməsi idi. Düzdür, magistratura pilləsi üçün bu proqram mən ikinci kursda oxuyanda tətbiq edildi. Amma yenə də bu institutda təhsil almağımla fəxr edirəm. Çünki burada çox şəffaf tədris prosesi var. Müəllimlərin tələbələrlə dost kimi davranışı isə bir ayrı özəllikdir. Burada çalışan bütün insanlarda yüksək səmimiyyət var. Tələbələr problemlərini çəkinmədən müəllimlərə deyə bilirlər. Amma bütün bunlara baxmayaraq, imtahanlar o qədər ciddi keçir ki, heç kəs əlavə nədənsə istifadə etməyə cəsarət etmir. Mənim fikrimcə, fərqlənmə diplomu almağımın bir səbəbi də elə budur. Çünki tələbənin nəyə qadir olduğunu müəllim imtahan zamanı görür. Bu səbəbdən də imtahanların sonunda dekanlıqdan mənə deyiləndə ki, səni fərqlənmə diplomuna təqdim etmək istəyirik, təəccüblənmədim. İnstitut rəhbərliyinə bu ali təhsil müəssisəsində belə şəffaf mühit yaratdığına görə təşəkkürlərimi bildirirəm”.
   Gələcək iş seçiminə gəlincə, həmsöhbətim deyir ki, hotellərdə işləməyə daha çox həvəsi var: “Çünki hərəkətli, ünsiyyətli işi sevirəm. Xüsusilə brend hotellər məni cəlb edir. Turizm ixtisasları üzrə bir çox dərslər bizə də keçilib. Bu sahəyə marağım böyük olduğundan turizm ixtisası üzrə yenidən təhsil almaq istərdim. Bu barədə gələcəkdə fikirləşəcəyəm. Məncə, müəyyən müddətdən sonra bu sahədə uğur əldə edə bilərəm».
   
   “Yüksək nəticə əldə etmək üçün tələbələrə hər cür şərait yaradılıb”
   
   Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov deyir ki, indiyə qədər ATİ-də heç kəs fərqlənmə diplomuna düşəcək balı toplaya bilməmişdi. Bu, dövlətin müəyyən etdiyi qaydadır: «Qaydaya görə, 5 ballıq qiymətləndirmə sistemi ilə tələbənin bütün qiymətləri 5 olmalıdır. Maksimum 4 fəndən 4 ala bilər. 100 ballıq qiymətləndirmə sistemi ilə Nərgizin göstərdiyi nəticə elə yüksək oldu ki, ona fərqlənmə diplomu verdik».
   Prorektorun sözlərinə görə, fərqlənmə diplomu təkcə magistratura yox, bakalavr pilləsi üçün də nəzərdə tutulur. Amma ATİ-də bu mərhələdə fərqlənən hələ olmayıb: «Biz hər il ən yüksək bal toplayan, amma fərqlənmə diplomuna düşməyən tələbəmizi müəyyənləşdiririk. Bu il ATİ-nin birincisi Ülkər Hüseynağıyeva oldu. O, 92,4 balla məzun oldu. 100 bal toplaya bilsəydi, biz ona fərqlənmə diplomu təqdim edə bilərdik».
   Eldar Aslanovun sözlərinə görə, yüksək nəticə əldə etmək üçün tələbələrə hər cür şərait yaradılıb. Digər tərəfdən, ATİ-də tədrisin keyfiyyəti ildən-ilə artdıqca, nailiyyətlərin sayı da artacaq. Bu, eyni zamanda ölkəmizin təhsil sistemində aparılan islahatların, tətbiq edilən yeniliklərin nəticəsidir.
   Həmsöhbətimiz onu da qeyd etdi ki, Nərgiz Ələkbərovanı artıq ATİ-də müəllim kimi işləməyə dəvət ediblər. Son qərarı isə təbii ki, onun özü verməlidir.
   
  Fəxriyyə Abdullayeva 






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar