Əsərləri təkcə öz ömrünü yox, incəsənət sevənlərin də ömrünü rəngləndirib

 

“Rəssamlıq mənə inamımı, ümidimi həyata keçirmək üçün nəfəs aldığım həyatdır” deyirdi Səttar Bəhlulzadə. Ömür yolu da kətan üzərindəki rəsm əsəri kimidir...

Dünyaya qədəm qoyanda biz insanlar üçün cızılmış yol olur. Bu yol rəssamın kətan üzərindəki çəkdiyi cizgilərə bənzəyir. Rəngləri isə biz özümüz vururuq ora. Yaşıl, çəhrayı, mavi, narıncı, bənövşəyi, sarı, ağ, qara... Hərəsinin də özünə görə mənası var. Al-əlvan rənglər yaz sevincini, rəngarəngliyi xatırladırsa, ağ və qara yarı yolda qalmış, cığırını tapa bilməyən insanlardır sanki. Həyatı rəngləndirmək insanın özündən asılıdır. 1909-cu ilin 15 dekabrında dünyaya gələn Xalq rəssamı, ustad sənətkar Səttar Bəhlulzadə də Tanrı tərəfindən cızılmış yolu ömrü boyunca rəngləndirməyi bacarmışdır.

1909-cu ilin 15 dekabrında Əmircanda doğulmuş rəssamın əsərlərində doğma yerin-yurdun, torpağın ab-havası duyulur. Vətənin təbii gözəlliklərindən ilhamlanan rəssam peyzajın bənzərsiz vurğunu idi. Ancaq bununla belə yaradıcılığının ilk illərində tarixi mövzulara da müraciət etmişdi. “Babək üsyanı”, “Fətəli xan”, “Xəttat Mir Əli” və s. bunu isbat edir. Sonra isə təbiətə vurğunluğu onu başqa mövzulara apardı. “Qudyalçay vadisi”, “Xəzər üzərində axşam”, “Kəpəzin göz yaşları”, “Şahnabat”, “Torpağın arzusu”, “Qızılbənövşəyə gedən yol”, “Vətənimin baharı”, “Əmircan”, “Şamaxı üzümlükləri” və s. rəssamın yaradıcılıq xəzinəsini təşkil edən sərvətdir.

Bütövlükdə milli təsviri sənətimizdə mənzərənin tamamilə yeni konsepsiyasını irəli sürən Səttar Bəhlulzadə əsərlərində onun emosional-poetik təsdiqini rəng-forma münasibətlərində göstərə bilmişdir. Əsərlərindəki günəşin parlaq işartıları, havanın şəffaflığı, rənglərin təmizliyi, incə, çalar dəyişkənliyi, plenerə verdiyi üstünlük rəssamın yaradıcılıq üslubunda impressionizmə olan meyili aydın ifadə edir.

Onun 60-cı illərdə dəfələrlə müraciət etdiyi badam ağacı motivi (“Abşeron motivi”, “Abşeronun tacı”, “Çiçəklənən badam ağacı”) də bu qəbildəndir. Belə nümunələr rəssamın təxəyyülünün fəlsəfi məzmunu ilə yanaşı, həm də təbiətin heyranediciliyinə maraq oyadan incilərdir.

“Dədəgünəş” (1964) tablosu da rəng palitra və kompozisiyasının bədii həlli baxımından olduqca maraqlı əsərlərindəndir. Burada rəssamın rəng duyumu yüksək ifadə tərzini tapmışdır. Ön planda iri yaxılarla intensiv vurulan yaşıl, qırmızı, sarı və ağ rənglər torpağın zənginliyinin rəmzi ifadəsidir. Formaların dəqiq təsvirindən imtina edən rəssam yalnız rəng plastikası və rəmzi rəng seçimi vasitəsilə güllü-çiçəkli torpaq təəssüratının ümumiləşdirilmiş obrazını yaratmağa nail olmuşdur.

“Kəpəzin göz yaşları” əsərində rəssam reallıqda mövcud olan mənzərəyə “yerdəyişmə” edərək Kəpəzi Göygölün sahilinə gətirmişdir. Kəpəzlə Göygöl bilavasitə təmasda verilmiş, əsərin ideyası məhz bu yerdəyişmə sayəsində reallaşmışdır. Əsərdə günəş çıxmasına baxmayaraq, gecədən qalmış ay da görünməkdədir. Göz yaşları da əsərə xüsusi məna qatan rəmzi amildir. Rəssam təkcə mənzərəni canlandırmamışdır. Kəpəz burada həm də xalqımızın tarixi yaddaşını əks etdirən şahid kimi qarşımızda durur. Düşündürücülüyü rəng çaları ilə seçilən əsərdə Cavad xanın igidlik və şücaətinə, tarixin çox hadisələrinə şahid olan Kəpəz də, Göygöl də təkcə dağ kimi yox, həm də qürur təcəssümü kimi ifadə olunur.

Rəssamın “Novxanı bağlarında” (1965), “Şamaxı üzümlükləri” (1971), “Girdiman təpələri” (1971) əsərləri də çox maraqlıdır. Hər bir əsərdə kompozisiyanın ümumi və daxili poetik ritmi, rəng qammalarının seçimi və onun icra texnikası ilə bağlı şəkildə meydana çıxır. Rəng yaxılarının qatılığı, dolğunluğu, ölçüləri, forma ilə ahəngdarlığı ilə məxsusi funksiya daşıyıcısına çevrilir.

Səttar Bəhlulzadə daima diqqətəlayiq sənətkarlardandır. Onun haqqında bir çox kitablar nəşr olunmuş, məqalələr yazılmışdır. Professor, sənətşünas Ziyadxan Əliyev tərəfindən yazılmış “Sənətin Məcnunu” kitabı rəssamın yaradıcılığına həsr olunmuş böyük töhfələrdəndir.

Heykəltaraş Ömər Eldarov tərəfindən hazırlanmış Səttar Bəhlulzadənin heykəli xüsusi əhəmiyyətə malikdir. Rəssam uzun və incə barmaqlar vasitəsilə möhtəşəm əsərlər yaradırdı. Böyük sənətkar Ömər Eldarov da bu əllərin sehrini reallıqla, sənətkarlıq qabiliyyətilə canlandırmışdır.

Deyilənə görə, rəssam heç vaxt əsərlərinə imza atmağı, həkk etməyi sevməzmiş. Deyərmiş ki, məni tanıyan onsuz da əsərlərimdən tanıyacaq. Bu sənətkarın, həm özünün, həm də yaradıcılığının nəhəngliyini göstərir.

2023-cü il dekabrın 15-i sənətkarın anadan olmasının 114-cü ildönümüdür. Artıq 49 ildir bu dünyadan köçsə də, sənət xəzinəsi – əsərləri bizimlədir, yaşayır. İllər ötəcək, əsr yenilənəcək, nəsillər dəyişəcək. Rənglərdən, mənzərələrdən duyğulanan, bəhrələnən yeni rəssamlar yetişəcək. Dəyişməz olaraq qalan isə Səttar Bəhlulzadə yaradıcılığının zirvəsi olacaqdır.

Xoşbəxt o kəsdir ki, tək özü üçün deyil, başqaları üçün də nələrsə etsin, iz qoysun. Bu baxımdan Səttar Bəhlulzadə ikiqat xoşbəxt idi. Çünki özünü bütünlüklə yaradıcılığa həsr etmiş sənətkar sənəti ilə tək öz ömrünü yox, incəsənət sevənlərin də ömrünü rəngləndirmişdir. Onun sağ ikən həyata keçirdiyi bu missiyanı hazırda əsərləri yerinə yetirir və hələ gələcəkdə də bu əsərlər rənglərin işığında parlamağa davam edəcək.

Aynurə Muradzadə