12–13 dekabr tarixlərində Daşkənddə Özbəkistan Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yubiley tədbirləri keçirilib. Tədbirlərdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli də iştirak edib.

Akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə olduğu kimi, elm sahəsində də əlaqələrin daim inkişaf etdiyini bildirib. Elmlər akademiyalarının qarşılıqlı əlaqələrindən danışan İsa Həbibbəyli son illərdə təkcə Azərbaycanla Özbəkistanın deyil, ümumiyyətlə, Türk dünyasının bütün ölkələrinin elmi qurumları arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu xüsusi vurğulayıb.

Mərasimdə Türkiyə, Qazaxıstan, Monqolustan, Çin, Qırğızıstan, Tacikistan, Rusiya, Belarus Elmlər akademiyalarının rəhbər şəxsləri də çıxış ediblər.

Özbəkistan EA-nın 80 illik tarixi yolundan bəhs edən sənədli film nümayiş etdirilib. Yerli incəsənət ustalarının konserti olub.

Yubiley tədbirləri bölmə iclasları ilə davam edib.

***

Özbəkistan Elmlər Akademiyasının yubileyi ilə bir arada Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans (11–12 dekabr) da təşkil edilib.

Konfransda ölkəmizdən AMEA-nın prezidenti İsa Həbibbəyli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və digər şəxslərin yer aldığı nümayəndə heyəti iştirak edib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, konfransın əsas məqsədi cədidlərin maarifçilik ideyalarının təhlili və müzakirəsi, habelə hərəkatın milli dövlətçiliyin inkişafına verdiyi töhfənin hüquqi və demokratik cəmiyyət quruculuğu baxımından nəzərdən keçirilməsidir.

Qeyd edək ki, XX əsrin əvvəllərində Türküstanda baş qaldırmış cədidçilik hərəkatı Rusiya imperiyasında və Şərqdə yaşayan digər müsəlmanlar arasında geniş yayılmış mədəni-maarif islahatlarının tərkib hissəsi olub. Cədidçiliyin əsas ideyaları təhsili müasirləşdirmək, mədrəsələrdəki köhnə tədris üsullarından uzaqlaşmaq, yeni pedaqoji metodlardan və dünyəvi təhsildən istifadəyə çağırış idi.