Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
1999-cu il 24 may
ABŞ-də keçirdiyi cərrahiyə əməliyyatı və müalicədən sonra Prezident Süleyman Dəmirəlin dəvəti ilə qardaş ölkəyə gələn (20 may) Prezident Heydər Əliyev Ankarada, Çankaya Köşkündə Mustafa Kamal Atatürkün Ev-Muzeyini ziyarət edib. 25 mayda Ankaradan Antalyaya qısamüddətli istirahətə yola düşüb. 9 iyunda Türkiyədən Vətənə qayıdıb.
1999-cu il 29 iyun
Rusiyalı rəssam Nikas Safranovu qəbul edib. Rəssam Gəncə və Lahıca səfəri barədə məlumat verib, Heydər Əliyevin ömür-gün yoldaşı mərhum Zərifə xanım Əliyevanın portretini və digər əsərlərinin illüstrasiyalarından ibarət albomu ona təqdim edib.
1999-cu il 7 iyul
Xalq yazıçısı Maqsud İbrahimbəyovu qəbul edib.
1999-cu il 13 iyul
İdman-Sərgi Kompleksində açılmış “Quruculuq salnaməsi” sərgisi ilə tanış olub.
Azərbaycanda hakimiyyətə gəlməsinin 30 illiyi münasibətilə Respublika Sarayında keçirilən musiqili-bədii gecədə iştirak edib.
1999-cu il 15 iyul
SSRİ Xalq artisti, məşhur rəqqas Mahmud Esembayevi 75 illik yubileyi münasibətilə təbrik edib. Məktubdan sitat: “Yaradıcılığınız ölkəmizdə uzun illər boyu daim heyranlıq və məftunluq doğurmuşdur. Sizin iştirakınızla çəkilmiş film (“Mən rəqs edəcəyəm”, 1962, rejissor Tofiq Tağızadə - red.) bunun daha bir təsdiqidir”.
1999-cu il 24 iyul
Respublika Sarayında məşhur İspaniya müğənnisi Xulio İqlesiasın konsertinə baxıb. Konsertdən sonra müğənni ilə qısa söhbət edib. Xulio İqlesiasın səfər çərçivəsində İmişli rayonuna gedərək Bəhramtəpə dəmir yolu stansiyasında məskunlaşmış məcburi köçkünlərlə görüşünü yüksək dəyərləndirib: “Bu, sizin tərəfinizdən çox böyük insanpərvərlikdir. Bilirəm ki, proqramınız gərgindir, işiniz çoxdur. Amma dünən öz xahişinizlə gedib qaçqınları görməyiniz məni çox məmnun etdi”.
1999-cu il 27 iyul
Prezident Sarayında görkəmli müğənnilər, SSRİ Xalq artistləri Müslüm Maqomayevi və onun xanımı Tamara Sinyavskayanı qəbul edib. Maqomayev özünün əl işini – Heydər Əliyevin portretini ona hədiyyə edib.
“...Xatirimdədir, sən gənclik illərində oxumağa başlayanda sənin haqqında film var idi. Onu televiziya ilə göstərirdilər, sənin necə şəkil çəkdiyini, heykəl düzəltdiyini görmüşdüm. İndi budur, sənin istedadının daha bir cəhəti üzə çıxdı. Ola bilsin, yenə nə isə üzə çıxacaqdır. Bu, mənə xoşdur, əzizdir, xüsusən də ona görə ki, sən peşəkar rəssam deyilsən, müğənni və musiqiçisən, amma yaxşı portret çəkmisən...”.
1999-cu il 28 iyul
Prezident Sarayında tanınmış müğənni Yaqub Zurufçunu qəbul edib. Heydər Əliyev ABŞ-nin Klivlend şəhərindəki klinikada müalicə olunduğu vaxt onu ziyarət etdiyinə görə müğənniyə bir daha minnətdarlığını bildirib.
Yaqub Zurufçu yaşadığı Los-Anceles şəhərindəki televiziyada nümayiş olunmaq üçün Heydər Əliyevdən müsahibə alıb.
1999-cu il 18 sentyabr
“Musiqinin Böyük İpək Yolu” 1-ci Bakı Klassik Musiqi Festivalına təbrik məktubu göndərib. “Musiqi ayrı-ayrı dillərdə danışan, bir-birindən fərqlənən mənəvi və maddi dəyərlərə malik xalqların ən gözəl qarşılıqlı anlaşma və ünsiyyət vasitəsidir... Festivalın keçirilməsi respublikamızda artıq ənənəyə çevrilmiş “Üzeyir musiqi günü”nə təsadüf edir. XX əsrin əvvəllərində Azərbaycan milli musiqisinin dünya professional musiqi sənəti ilə qovuşması yolunda misilsiz xidmətlər göstərmiş dahi bəstəkarın nə dərəcədə uzaqgörən, onun sənət aləmində seçdiyi yolun nə dərəcədə doğru olduğunun əsrin sonunda bir daha şahidi oluruq. Bu, Üzeyir dühasının təntənəsidir...”.
1999-cu il 27 sentyabr
Gürcüstan Kinematoqrafçılar İttifaqının katibi Lomer Axvledianini (Heydər Əliyev haqqında sənədli filmlərin operatoru – red.) və kinorejissor Vaqif Mustafayevi qəbul edib.
“...Sənədli kino xüsusi əhəmiyyətə malikdir... Ancaq, əlbəttə, peşəkarlıq səviyyəsi layiqincə olduqda sənədli kino xüsusi dəyər kəsb edir... Ona görə də bu işlə məşğul olan sənətkarlar böyük iş görürlər. Siz Roman Karmenin “Neft daşları” haqqında çəkdiyi “Xəzəri fəth edənlər” adlı məşhur kinofilmini xatırlayırsınızmı? Necə gözəl film idi! Karmen sənədli kinonun böyük ustadı idi... Azərbaycanda da yeni, gənc kadrlar böyüyür...”.
1999-cu il 8 oktyabr
Bakıda işə başlayan “Şərq-Qərb” Kinofestivalının iştirakçılarını qəbul edib.
“...Şadam ki, Azərbaycanda kinofestivallar keçirilməsi ənənəsi artıq təşəkkül tapmışdır... Bu yaxınlarda Rüstəm İbrahimbəyov (Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, festivalın rəhbəri – red.) mənə dedi ki, bir neçə ay əvvəl şəhərin mərkəzindəki “Azərbaycan” kinoteatrı, – yeri gəlmişkən, o, kino həvəskarlarının neçə-neçə nəslinin olduğu yerdir, – yenidən qurulmuşdur. Mən o kinoteatrı xatırlayıram. Gənclik illərində biz kinonu sevirdik. Xatirimdədir, orada foyedə həmişə estrada orkestri çalırdı, biz gəlib musiqini dinləyirdik, sonra da salona daxil olub filmə baxırdıq...
Bütün bunlardan danışarkən əsas fikrə bir daha qayıdıram ki, Azərbaycanda biz hamımız incəsənətin, kinonun, mədəniyyətin böyük pərəstişkarlarıyıq. Formalar dəyişir, indi televiziya çox böyük yer tutur, amma kino öz əhəmiyyətini itirmir... Adamlar kinofilmi təkcə televizorda deyil, ekranda da görmək istəyirlər. Buna görə də sizin peşəniz yaşayır və yaşayacaqdır... Məruz qaldığınız çətinliklər məlumdur. Amma gərək nikbin olasan, irəliyə baxasan və düşünəsən ki, hər şey getdikcə daha yaxşı olacaqdır. Zənnimcə, məhz bu fikirləri Bakı festivalı da təsdiqləyəcəkdir...”.
Hazırladı: V.Orxan