Muzey Mərkəzinin sərgi qalereyası dekabrın 15-də ata və oğul – rəssam, heykəltaraş İbrahim Həsənov və rəssam Ruhulla Həsənzadənin “Metamorfik bağlar:70/30” adlı yubiley sərgisini sənətsevərlərə təqdim edir.

Bu il İbrahim Həsənovun 70 yaşı tamam olur. Sərgidə onun 22 heykəl və 28 rəngkarlıq əsəri yer alıb. 30 yaşlı Ruhulla Həsənzadə isə 30-dək rəngkarlıq nümunələrini nümayiş etdirir.

İbrahim Həsənovun ilk fərdi sərgisi 1990-cı ildə Bakıda təşkil olunub, ikinci sərgisi 1991-ci ildə Londonda keçirilib. Bir çox əl işi əcnəbi kolleksiyaçılar tərəfindən alınıb. Daşdan yonulmuş “Gözləmə” əsəri Tokio şəhərindəki Şərq Muzeyində saxlanılır. Azərbaycanın şəhər və rayonlarında da onun əsərlərinə rast gəlmək olar.

Ruhulla Həsənzadə rəssamlıq, heykəltaraşlıq, illüstrasiya və konseptual incəsənət sahəsində tanınır. 2018-ci ildə Bakı Müasir İncəsənət Mərkəzində ilk sərgisi açılıb.

***

Muzey Mərkəzi “Muzeydə musiqi gecələri” layihəsi ilə də intellektual musiqisevərləri bir araya toplayır.

Dekabrın 25-də “Muzeydə musiqi gecələri” silsiləsinin növbəti konserti bəstəkar Tahir İbişova həsr olunacaq. Onun əsərlərini Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilati dəstəyi ilə “Cadenza” orkestrinin üzvləri və digər dəvətli musiqiçilər ifa edəcəklər.

Görkəmli bəstəkarlarımız Xəyyam Mirzəzadənin, Nazim Mirişlinin siniflərində dərs almış T.İbişov yaradıcılığında fərqli dövrlərə aid üslub və yazı metodlarına müraciət edir. Avstriyada təhsil aldığı dövrlərdə Yeni Vyana Məktəbinin davamçıları Beat Furrer, Georg Friedrich Haas, Alexander Stankovski və s. kimi bəstəkarlardan da dərs alıb.

Humay Qasımzadə (piano) və İslama Abdullayeva (soprano) konsertin solistləridir. Bu konsertlə muzeydəki davamlı musiqi gecələrinin silsilə tədbirlərinə “portret-konsert” adlı yeni format əlavə olunur. Konsertin moderatoru və bəstəkarla həmsöhbət musiqişünas Şəfaqət Məmmədova olacaq.