Anadolu Agentliyinin təşkilatçılığı ilə Ankarada “Mediada süni intellektin idarə edilməsi” mövzusunda forum keçirilib.
Forumda çıxış edən Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib ki, son 21 il ərzində ölkədə süni intellekt sahəsinə 6,7 milyard türk lirəsi məbləğində dəstək göstərilib. Nazirin sözlərinə görə, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) təqaüd və dəstək proqramları çərçivəsində ayrılan paket 3700-dən çox layihəni və 1300-dən çox mütəxəssisi əhatə edib.
Forumda süni intellektin gündəlik həyatı necə dəyişdirdiyi, mediaya təsirləri, süni intellekt tətbiqləri, onun hüquqi və etik ölçüləri müzakirə olunub. Tədbirdə “Utopiya və ya distopiya: 2040-cı ildə medianı nə cür təsəvvür edirik?” və “Mediada süni intellektin etik istifadəsi üzrə bələdçisi” mövzularında panellər də keçirilib.