Və ya pul həmişə xoşbəxt gətirmir...

 

Avropa İttifaqının (Aİ) statistika agentliyi Eurostat qitə ölkələrinin vətəndaşları arasında xoşbəxtlik mövzusunda növbəti araşdırmanın nəticələrini açıqlayıb. Tədqiqatdan belə məlum olur ki, Aİ ölkələrində xoşbəxtlik heç də o ölkənin iqtisadi qüdrəti ilə şərtlənmir. Ən xoşbəxt ölkələrinin ilk üçlüyünə yüksək rifahlı Avstriya ilə yanaşı nisbətən kasıb Polşa və ən zəif iqtisadi imkanlılar sırasında olan Rumıniyanın yer alması bunu göstərir. Aİ-nin ən zəngin ölkələrindən sayılan Almaniya isə axırdan ikinci yerdədir. Sonuncu ölkə Bolqarıstan olub.

Qeyd edək ki, Eurostat hər il üzv ölkələrin əhalisinin həyatlarında nə qədər xoşbəxt olduğunu müəyyən parametrlərlə ölçür.

Bir ölkə nə qədər zəngindirsə, xalqı da bir o qədər xoşbəxtdir deyə fərz edilsə də, nəticələr bunu sübut etmir. Almaniya 27 ölkə arasında ən güclü iqtisadiyyata sahibdir, amma...

2021-ci ildə 7,1 balla (10 ballıq şkala üzrə) xoşbəxtlik reytinqində orta sıralarda olan Almaniyada bu göstərici 6,5-ə düşüb. Kölndə yerləşən Rheingold İnstitutu da bu günlərdə nəticələri açıqlanan sorğusunda almanların əhəmiyyətinin "narahat, laqeyd və içinə qapalı" olduğunu bildirmişdi.

Hazırda yaşanan iqtisadi durğunluqla bərabər Almaniya Ukraynadakı müharibə üzündən immiqrasiya (ölkəyə mühacir axını) artımı və qeyri-populyar hökumət kimi problemlərlə də mübarizə aparır. Araşdırmaya görə, almanların narahatlığına səbəb əhalinin təxminən beşdə birinin yaşadığı depressiyadır.  

Araşdırmada Aİ ölkələrində 16-29 yaş arası insanlar 65 yaşdan yuxarı olanlara nisbətən daha yüksək həyat məmnuniyyəti nümayiş etdiriblər. O da diqqəti cəlb edir ki, uşaqlı ailələr özlərini daha xoşbəxt sayırlar.