Azərbaycanda turizm sektorunun iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilməsi bu gün qarşıda duran mühüm vəzifələrdəndir. Turizm mahiyyətcə qlobal biznes olduğuna görə bu sahə sərhəd tanımır.
Eyni zamanda, o da bəllidir ki, beynəlxalq turizm bazarında rəqabətə davam gətirmək üçün ilk növbədə daxili bazarda uğur əldə etmək lazımdır. Mütəxəssislərin fikrincə, bu sahənin inkişafında vacib olan amillərdən biri düzgün marketinq siyasətinin qurulmasıdır. Bu məsələ «Turizm haqqında» qanunda da, turizmlə bağlı dövlət proqramlarında da əksini tapıb.
ATİ-nin marketinq ixtisası üzrə məzunları digər sahələrdə çalışır
Maraqlıdır, ölkəmizdə fəaliyyət göstərən turizm obyektləri öz marketinqlərini düzgün qura bilirlərmi?
Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanovun sözlərinə görə, turizm xidmətləri göstərən bir çox müəssisələrin lazımi səviyyədə marketinq siyasəti yoxdur: “Beşulduzlu hotellər, böyük şirkətlər bu məsələyə müəyyən qədər diqqət yönəldirlər. Regionlardakı aşağı ulduzlu hotellərin, xüsusilə turizm agentliklərinin bu sahədə fəaliyyəti isə xarici ölkələrdə təşkil edilən sərgilərdə iştirakla məhdudlaşır. Bunu da əsasən Mədəniyyət və Turizm Nazirliyi təşkil edir və burada təbliğat ümumən Azərbaycan üzərində qurulur. Sərgilərə qatılan şirkətlərin özlərinin spesifik, bazar seqmentlərinə yönəlik fəaliyyəti, marketinq strategiyaları isə çox zəifdir. İkinci tərəfdən, istirahət mərkəzləri qiymətlərin bahalığını bu işə böyük sərmayə qoymaları ilə izah edirlər. Amma şirkətlərin hazırladığı marketinq planları ilə turizm mövsümünü uzatmaq mümkündür. Müxtəlif fərqli elementlərlə yay, qış, ov və s. mövsümlərindən kifayət qədər yararlanmaq olar. Hər bir regionun spesifik xüsusiyyətlərindən yararlanmaqla, onu təbliğ etməklə turist qruplarının gəlişinin təmini mümkündür”.
Eldar Aslanov onu da qeyd etdi ki, ATİ-ni ildə 20-dək məzun marketinq ixtisası üzrə bitirir, amma təəssüflər olsun ki, onların əksəriyyəti digər biznes sahələrində çalışırlar: “İstirahət mərkəzləri və turizm şirkətləri bu məsələ ilə bağlı bizə müraciət etmirlər. Bu da onu göstərir ki, bizdə rəqabət mühiti hələ o səviyyəyə çatmayıb ki, qeyd olunan məsələ onları narahat etsin. Deməli, sahənin hələ daha çox inkişaf etdirilməsinə, yeni turizm obyektlərtinin inşasına ehtiyac var”.
Turizm mövsümü yalnız yaydan ibarət deyil
Hazırda yay turizm mövsümünün qızğın çağıdır. Bir çox vətəndaşlarımız isə səfalı bölgələrimizdə dincəlməkdən daha çox qonşu Gürcüstana və Türkiyəyə getməyə üstünlük verirlər. Səbəb kimi yerlərdə qiymətlərin bahalığı göstərilir. İstirahət məkanlarının yetkililəri də bahalığı mövsüm günlərinin sayının azlığı ilə izah edirlər.
Turizm üzrə mütəxəssis, «Sevgin travel» şirkətinin rəhbəri Bahadur Bilalovun sözlərinə görə, sadəcə olaraq, istirahət mərkəzlərinin rəhbərləri öz işlərini düzgün qura bilmirlər: “Turizm mövsümü yalnız yaydan ibarət deyil. Digər mövsümlərdə də insanlar istirahət etmək istəyirlər. Amma bizim istirahət mərkəzləri yayda təklif etdikləri qiyməti qışda, payızda da təklif edirlər. Təbii ki, bu halda turist həmin məkanlara gəlməyəcək. Burada məsələyə bir optimal yanaşma olmalıdır. Bizdə sutkası 40 manata, gündə 3 dəfə yemək daxil, təklif edilən qiyməti istirahət məkanları normal hesab edirlər. Amma Türkiyədə həmin şərtlərlə 4 ulduzlu hoteldə qalmaq hazırda 25 dollardır. Qiymətləri müqayisə etsələr, görərlər ki, dedikləri sadəcə bəhanədir. Boş qalıb işçiyə öz ciblərindən pul verməyə razılaşırlar, amma xidmətlərini ucuz qiymətə təklif etmirlər”.
Turizm obyektlərinin sahibləri işçilərinin qeyri-peşəkarlığını da mövsüm günlərinin azlığı ilə izah edirlər. Onlar bildirirlər ki, ildə 3 ay turist qəbul edib, qalan 9 ayı boş dayanaraq işçiyə əməkhaqqı ödəyə bilmirlər. Amma istirahət məkanlarında dincələn və xidmətin keyfiyyətindən narazı qalan turist üçün bunun əhəmiyyəti varmı? Həmsöhbətimizin dediyinə görə, bunun başlıca səbəbi marketinq işinin düzgün qurulmamasıdır. Əgər yay mövsümündə turizm obyekti 100 faiz dolursa, payızda elə etmək olar ki, bu rəqəm heç olmasa, 50 faiz, qışda 30-40 faiz olsun ki, işçilərinin bir hissəsini saxlaya bilsinlər: “Bunun da müxtəlif yolları var. Dediyim kimi, qiymətlərin və endirimlərin diferensasiyası turizm obyektinin il boyu işləyə bilməsinin əsas şərtidir. Obyekt sahibi oturub hesablamalıdır ki, həftə içi nə qədər turist gəlir, həftə sonu nə qədər. Həftə sonlarında qiymətlər bir az qaldırıla bilər. Yaydan savayı mövsümlərdə isə həftə içi qiymətləri ucuzlaşdırmaq olar. Bu baxımdan sahibkarlar turizm marketinqini düzgün tətbiq etməyi bacarmalıdır”.
Marketinq fəaliyyətində müştərilərin arzu və istəkləri nəzərə alınır
«Excelsior Baku» hotelinin əməliyyatlar üzrə direktoru Kemal Diler marketinqlə bağlı hər il müxtəlif yeniliklər tətbiq etdiklərini deyir. Bu yeniliklər isə müştərilərin istəklərinə uyğun həyata keçirilir. Məsələn, hotel bu ilin mayından «Afurja» zalında və açıq havada toy mərasimləri təşkil edir: «Bununla hotelin rəhbərliyi öz marketinq fəaliyyətində paytaxt sakinlərinin arzu və istəklərini nəzərə alıb. Toy mərasiminin həm zalda, həm də açıq havada təşkili, şübhəsiz, rəqabətə imkan yaradacaq. Mərasim böyük ekranda nümayiş etdiriləcək. Toy üçün hansı mövsümün olmasının əhəmiyyəti yoxdur. İnsanlar ilin bütün fəsillərində evlənirlər. Bunun özü də hotelin ilboyu gəlir əldə edə bilməsi üçün bir marketinq siyasətidir”.
Fəxriyyə Abdullayeva