“Türkiyə ilə Azərbaycan arasında sarsılmaz bağlar var”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə töhfə verdiyi bildirilib.

Söhbət zamanı əlaqələrimizin bundan sonra da bütün istiqamətlərdə daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

***

Dekabrın 14-də Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramov və Hakan Fidan arasında görüş olub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazirlər arasında keçirilən təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Geniştərkibli görüşdə iki ölkə arasında ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, bölgədəki cari vəziyyət, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan-Türkiyə strateji müttəfiqlik gündəliyinin cari vəziyyətindən məmnunluq ifadə edilib, siyasi, iqtisadi, ticarət, hərbi, müdafiə sənayesi, enerji təhlükəsizliyi, investisiyalar, humanitar, təhsil, mədəniyyət və digər sahələr üzrə münasibətlərin tarixi yüksəliş mərhələsində olduğu bildirilərək Şuşa Bəyannaməsinin bu xüsusda mühüm zəmin olduğu qeyd olunub.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçirilib.

“Türkiyə ilə Azərbaycan arasında sarsılmaz bağlar var. Azərbaycanın haqq mübarizəsində daim onun yanındayıq”, – deyə Hakan Fidan bildirib.

Türkiyə XİN başçısı qeyd edib ki, bölgədə sülh, rifah və inkişaf olmalıdır. Vurğulayıb ki, Türkiyə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma prosesini, iki ölkə arasındakı görüşləri dəstəkləyir. Bununla birlikdə Türkiyə də Ermənistanla normallaşmanı təmin edəcək.

“Bu gün Azərbaycan-Türkiyə münasibətləri tarixi zirvədədir” deyən xarici işlər naziri Ceyhun Bayramov iki ölkənin iqtisadi əlaqələrinin də yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, ötən illər ərzində Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 20 milyard, Türkiyə tərəfindən isə Azərbaycan iqtisadiyyatına 15 milyard dollar həcmində investisiya qoyulub.

Nazir deyib ki, 330-dan çox Türkiyə şirkəti tərəfindən ümumi dəyəri 17 milyard dollara yaxın olan layihələr icra edilib. 2023-cü ilin ilk on ayı ərzində Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 7 milyard dollara yaxınlaşaraq 2022-ci ilin 12 ayındakı rəqəmi 15 faiz üstələyib.

Azərbaycan XİN başçısı görüşdə ikitərəfli münasibətlərə paralel olaraq çoxtərəfli platformalarda, BMT və onun təsisatları, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər formatlarda əməkdaşlıq barədə də fikir mübadiləsi aparıldığını deyib.

“Qonşu ölkələrin iştirakı ilə üçtərəfli və dördtərəfli formatlar da regionda layihələrin həyata keçirilməsində böyük önəm kəsb edir. Hesab edirik ki, yaxın aylar ərzində üçtərəfli formatda bir neçə görüş keçiriləcək”, – deyə Ceyhun Bayramov əlavə edib.

Hakan Fidan da geniş coğrafiyada əməkdaşlıqdan bəhs edərək bildirib ki, Orta Dəhlizin tam potensialı ilə həyata keçməsi çox önəmlidir: “Bu cür layihələrin sayının artırılması bölgənin inkişafı baxımından çox vacibdir. Biz, həmçinin həmkarımla söhbət zamanı da belə layihələrin sayının artırılması ilə bağlı niyyətimizi bildirdik”.