Milli Azərbaycan Tarixi Muzeyində “Heydər Əliyev və Azərbaycan muzeyləri” adlı fotosərgi təşkil edilib. Dekabrın 15-də açılışı keçirilən sərgi “Heydər Əliyev İli” çərçivəsində təşkil olunub.
Muzeyin direktoru akademik Nailə Vəlixanlı çıxış edərək Ulu öndər Heydər Əliyevin respublikamızda bu sahəyə göstərdiyi diqqət və qayğıdan söz açdı. Bildirdi ki, böyük siyasətçi həmişə muzey işçilərinin fəaliyyətini yüksək dəyərləndirirdi. Məhz onun rəhbərliyi dövründə respublikamızda muzey işində yeni mərhələnin əsası qoyuldu. Ulu öndərin muzey şəbəkəsinin inkişafı, fəaliyyətdə olan muzey fondlarının zənginləşməsi, yeni muzeylərin yaradılması sahəsində tarixi rolu danılmazdır. 1980-ci illərdə bölgələrin bir çoxunda onun qayğısı sayəsində tarix-diyarşünaslıq muzeyləri yaradıldı.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova dedi ki, Ulu öndər hər zaman mədəniyyətin inkişafına, tarixi yaddaşın qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsinə xüsusi diqqət yetirib və muzeylərin fəaliyyətini dəstəkləyib. Bu gün isə artıq Ulu öndərin özünün dövlətçilik irsi tarixi yaddaşa çevrilib və Milli Azərbaycan Tarixi Muzeyinin ən vacib zəngin bölmələrindən biridir. Bu sərgi Ulu öndərin ölkəmizə rəhbərliyinin hər iki dövrünü əks etdirən 22 fotodan ibarətdir. Bu şəkillərin hər biri böyük bir tarixi yaddaşın daşıyıcısıdır. Ulu öndərin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq və onun bünövrəsini möhkəmləndirdiyi müstəqil dövlətçiliyimiz hər zaman xalqımızın yolunu işıqlandıracaq.
Tarix elmləri doktoru, ictimai-siyasi xadim, uzun müddət Heydər Əliyev rəhbərliyi altında dövlət vəzifələrində işləmiş Həsən Həsənov Ulu öndərlə bağlı xatirələrini bölüşdü. Qeyd etdi ki, sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə Ulu öndər tərəfindən 10 cilddə Azərbaycan tarixinin yazılması ilə bağlı qərar verilmişdi: “Ancaq bir sıra alimlərin mübahisəsi səbəbindən bu iş gerçəkləşmədi. Azərbaycanın fəlsəfə tarixi ilə bağlı nəşr layihəsi də eyni aqibəti yaşadı”.
Həsən Həsənov bildirdi ki, SSRİ müdafiə naziri Bakıya gələndə Heydər Əliyev azərbaycanlı əsgərlərin əsasən inşaat taborlarında qulluğa göndərilməsinə, fəhlə kontingentində işlədilməsinə etirazını bildirərək onların nizami orduda xidmət keçməsini tələb etmişdi. Cəmşid Naxçıvanski adına Hərbi liseyin yaradılması isə Ulu öndərin gələcək müstəqil Azərbaycanın ordu quruculuğu üçün uzaqgörən addımı, tarixi xidməti idi. Ümumiyyətlə, Heydər Əliyevin bu sahədə xidmətlərinin nəticəsi olaraq hələ 80-ci illərdə ölkəmizdə milli əsgər obrazı yaranmağa başladı. Emin Sabitoğlunun məşhur “Sıravi Əhməd” mahnısı da musiqidə bu obrazın bir nümunəsi idi.
Diplomat qeyd etdi ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin separatçı hərəkətləri 1960-cı illərdən başlanmışdı. Ulu öndər Heydər Əliyev bu məsələni xüsusi diqqətdə saxlayırdı. Şuşada Vaqifin məqbərəsinin ucaldılması, Vaqif Poeziya Günlərinin keçirilməsi və digər addımlar, əslində, erməni separatizminə cavab kimi düşünülmüşdü: “1982-ci ildə SSRİ-nin yaradılmasının 60 illiyində ermənilər Qarabağla bağlı radikal çıxışlar edirdi. Həmin dövrdə Heydər Əliyev məni yubiley tədbirlərinə göndərir, ermənilərə tutarlı cavablar verilməsinə şərait yaradırdı...”.
Həsən Həsənovun çıxışı maraqla qarşılandı və o, tədbir iştirakçılarının suallarını cavablandırdı.
Qeyd edək ki, iki ay davam edəcək “Heydər Əliyev və Azərbaycan muzeyləri” fotosərgisinə giriş sərbəstdir.
Lalə Azəri