Qış turizmi mövsümünün açılışı ilə bağlı Dövlət Turizm Agentliyi tərəfindən 14-18 dekabr tarixlərində Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Rusiya, Özbəkistan, Qazaxıstan və Belarusdan 90-a yaxın turizm sənayesi nümayəndəsi və bloger üçün “Şahdağ” Turizm Mərkəzinə tanışlıq səfəri təşkil olunub.
Qonaqlara kompleksdə həyata keçirilən yenidənqurma və infrastruktur işləri haqqında ətraflı məlumat verilib. Onlar kompleksdə təklif olunan kvadrosikl, kanat yolları, “Alpine Coaster” attraksionu və digər xidmətlərlə də tanış olublar.
Bundan əlavə, səyahət və turizm sektorunda əməkdaşlığın qurulması, həmçinin təcrübə mübadiləsinin aparılması məqsədilə dekabrın 18-də Bakıda 80 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə B2B (biznesdən biznesə) formatında görüşlər keçirilib.
Əlavə edək ki, dekabrın 16-17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizm mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə yerli kütləvi informasiya vasitələri nümayəndələri üçün də “Şahdağ” Turizm Mərkəzinə mediatur təşkil edilib.