Dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə “Leyli və Məcnun” operası ilə əsası qoyulan Azərbaycanda opera sənəti 115 illik tarixi boyunca zəngin inkişaf yolu keçib. Bu yolda böyük əməyi keçən sənətkarlardan biri də Xalq artisti Əlövsət Sadıqov olub.
Əlövsət Şirəli oğlu Sadıqov 22 dekabr 1906-cı ildə Şəkidə dünyaya göz açıb. Erkən çağlardan musiqiyə maraq göstərib. Şəki İpək Fabrikində çalışan atasının məlahətli səsi varmış. Əlövsət atasından eşitdiyi muğam və xalq mahnılarını dərindən mənimsəyir. Fabrikdə işləyərkən fəhlələr arasında yeri gəldikcə zümzümə edir. Çox keçmir fabrikdə istedadlı gənc kimi tanınır. 1926-cı ildə Bakıdan musiqi qrupu Şəkiyə qastrola gəlir. Onların arasında məşhur xanəndə Hüseynqulu Sarabski də olur. Onlar fabrikdə zəhmətkeşlər qarşısında çıxış edirlər. Həmin görüşdə fabrikin rəhbəri 20 yaşlı Əlövsəti qonaqlara təqdim edir. Bildirir ki, çox istedadlı gəncdir. İcazə versəydiniz o da bir-iki ağız oxuyar. O, “Bəh-bəh” xalq mahnısını ifa edir. Məlahətli səsi, sərbəst ifası H.Sarabskinin xoşuna gəlir və onu Bakıya dəvət edir.
Əlövsət Sadıqov Bakıda gənc xanəndələrin müsabiqəsinə qatılır. Münsiflər heyətinin üzvləri ustad sənətkarlar Müslüm Maqomayev, Cabbar Qaryağdıoğlu və başqaları müxtəlif bölgələrdən gələn gənc musiqiçiləri imtahan edirlər. Əlövsət “Ay qız” xalq mahnısını oxuyur. İfası münsiflər heyəti tərəfindən bəyənilir. 1928-ci ildə ustadların rəyi ilə o, Opera və Balet Teatrına işə qəbul olunur.
Sonra iki il Azərbaycan Dövlət Konservatoriyasında vokal dərsi keçir. Teatrda “Leyli və Məcnun”, “Aşıq Qərib”, “Nərgiz” operalarında səhnəyə çıxır. Səhnədə özünü doğruldaraq baş rolları da ifa etməyə başlayır. İlk baş qəhrəman kimi Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında Qərib obrazını canlandırır. 1931-ci ilin teatr mövsümündə M.Maqomayevin “Şah İsmayıl” operası yeni quruluşda tamaşaya hazırlanır. Müəllifin təklifi ilə baş rol Ə.Sadıqova həvalə olunur. O, Şah İsmayılı böyük ustalıqla ifa edir.
Tamaşadan sonra M.Maqomayev “Mən əsl Şah İsmayılı tapdım”, – deyir və onu təbrik edir. Bu uğur xanəndənin yaradıcılıq yollarına işıq tutur. Sənətdə özünü doğruldan istedadlı ifaçı “Leyli və Məcnun” tamaşasında Məcnun roluna da əsas namizədlərdən biri olur. 1936-cı ildə opera yeni quruluşda tamaşaya hazırlanır. Məcnunu Əlövsət Sadıqov oynayır.
Araşdırmalarda qeyd edilir ki, Ə.Sadıqov bir çox operalarda səhnəyə çıxsa da, Şah İsmayıl obrazı onun sənət tərcümeyi-halında xüsusi yer tutub. O, 30 ilə yaxın bu rolu böyük həvəslə və ustalıqla oynayıb.
“Şah İsmayıl” 1940-cı ildə Opera və Balet Teatrında yenidən tamaşaya qoyulur. Əlövsət Sadıqovun çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanır. Tamaşa haqqında dövri mətbuatda müxtəlif səpkili məqalələr dərc edilir. Yazılardan birində Üzeyir Hacıbəylinin fikri də verilir: “Şah İsmayıl”ın milli mənəvi dəyərlərini, onun xalqsevərliyini inandırıcı, parlaq şəkildə oynadığı üçün aktyor-müğənni Əlövsət Sadıqova hörmətimi, minnətdarlığımı bildirirəm. İnanıram ki, milli opera sənətimiz bundan sonra da yaşayacaq və görkəmli ifaçıların ənənələri davam etdiriləcək”.
Yaradıcılığı yüksək qiymətləndirilən Ə.Sadıqov 1943-cü ildə “Əməkdar artist”, 1956-cı ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülür.
Görkəmli sənətkar 1963-cü ilə qədər opera səhnəsində Həqiqət Rzayeva, Rübabə Muradova, Gülxar Həsənova, Xanlar Haqverdiyev, Şirzad Hüseynov və başqaları ilə çiyin-çiyinə çalışıb. Opera sənətimizin inkişafına dəyərli töhfələr verib, sənətə gələn gənc nəslə örnək olub. Ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalışıb. Xeyirxah, insani keyfiyyətləri ilə yada düşən, ehtiramla xatırlanan bənzərsiz aktyor-opera ifaçısından günümüzə xoş xatirələr və xeyli radio lent yazıları yadigar qalıb.
Xalq artisti Əlövsət Sadıqov 17 oktyabr 1970-ci ildə, ömrünün 64-cü ilində dünyasını dəyişib. II Fəxri xiyabanda dəfn olunub.
Savalan Fərəcov