Elmi Şuranın iclasında nailiyyətlərlə yanaşı, problemlərdən də söz açılıb
   
   Azərbaycan Turizm İnstitutunda Elmi Şuranın 2012/2013-cü tədris ilinə həsr olunan son iclası keçirilib. İnstitutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov iclasda çıxış edərək ölkəmizdə qeyri-neft sektorunun aparıcı sahələrindən biri kimi turizm sənayesinin inkişafına xüsusi diqqət göstərildiyini, ATİ-nin bu sahədə yüksək ixtisaslı kadr hazırlığına mühüm töhfə verdiyini vurğulayıb.
   
   Rektor institutun 7 illik fəaliyyəti dövründə əldə edilən uğurlar və qarşıdakı hədəflərdən söz açıb. Bildirib ki, 2010-cu ilin ilk məzun buraxılışından indiyədək ATİ-ni 725 nəfər bitirib, onlardan 72 nəfəri eyni zamanda Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomunu alıb. 12 nəfər magistr pilləsini başa vurub. ATİ məzunlarından böyük əksəriyyəti nüfuzlu hotel və turizm müəssisələrində çalışırlar. İnstitutun nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbinin fəaliyyətindən danışan rektor bildirib ki, burada 12 ixtisas üzrə 550 şagird təhsil alır.
   Rektor çıxışında problemlərə də toxunaraq deyib ki, əldə olunan uğurlara baxmayaraq, müvafiq kreditlərini toplamış tələbələrin kiçik də olsa, bir qismi yekun dövlət attestasiyalarında lazım olan balı toplayıb məzun ola bilməyiblər. Rektor bu tələbələrin sayının ilbəil daha da azalmasına nail olmağın vacibliyini bildirib.
   ATİ-nin tədris işləri üzrə prorektoru Eldar Aslanov institutda son bir il ərzində tədris sahəsində baş verən yeniliklər, görülən işlər haqqında məlumat verib. Bildirib ki, bu tədris ilində ATİ-də 2 fakültə yaradılıb. Prorektor tədris prosesindəki mövcud problemlərin həlli istiqamətində görüləsi işlər barədə danışıb. O xüsusi olaraq vurğulayıb ki, hazırda ATİ-də 55 nəfər dövlət imtahanından kəsilmiş tələbə var: «Onlara cari ilin dekabrında şans verilməsini təklif edirəm. Ona görə də yekun dövlət attestasiyasının ilboyu qüvvədə qalmasını Elmi Şuradan xahiş edirəm».
   Prorektor institutun ictimai işlərində fəallıq göstərən və rəhbərliyə yaxından kömək edən həmkarlarına təşəkkür edib və ATİ-də 2012/2013-cü tədris ilinin uğurla başa çatdığını bildirib: «2013/ 2014-cü tədris ilinə hazırlıq ciddi şəkildə davam etdiriləcək. İlk növbədə fərdi planlar, dərs yüklərinin bölünməsi, müəllimlərin işə götürülməsi işi tamamlanmalıdır».
   Turizm və qonaqpərvərlik fakültəsinin dekan əvəzi Sənan Əliyev, xidmət mühəndisliyi fakültəsinin dekan əvəzi Sevda Vəzirova, magistratura, doktorantura və əlavə təhsil şöbəsinin müdiri Nəsirulla Nəsirli 2012/2013-cü tədris ilinin yay imtahan sessiyasının nəticələri və 2013/2014-cü tədris ilinə hazırlığın vəziyyəti haqqında hesabat veriblər.
   Qeyd edək ki, Azərbaycan Turizm İnstitutunda hazırda 11 ixtisas üzrə 1353 bakalavr tələbəsi, 77 magistr, 39 doktorant, Bakı Turizm Peşə Məktəbində 12 ixtisas üzrə 550 şagird təhsil alır. Bu il ATİ-yə bakalavr üzrə 375, magistraturaya 85 nəfərin qəbulu nəzərdə tutulub.

    Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar