Bakıdakı Rus Evində Qara Qarayev və Sergey Raxmaninovun yaradıcılıqlarına həsr olunmuş musiqili poeziya gecəsi keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, bu, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi və Rus evinin ilk birgə layihəsidir.
Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist dosent Əziz Qarayusifli tədbir iştirakçılarını salamladıqdan sonra məktəbin pedaqoqlarının və şagirdlərinin ifasında iki görkəmli bəstəkarın romansları, fortepiano üçün pyesləri və musiqi kompozisiyaları təqdim edilib.
Tədbirin aparıcısı - sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent Elmira Pənahova ifa olunan əsərlərin musiqi-poetik dəyərindən və obraz məzmunundan bəhs edib.